Bu gün Albaniyanın “Laçi” klubu UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində “Keşlə”nin qonağı olacaq.
“Laçi” klubunun direktoru Naim Halili Oxu.Az-a açıqlamasında Bakıya səfər və bugünkü görüş barədə fikirlərini bildirib:
“Dünən saat 11:00-da Tiranadan birbaşa Bakıya gəlmişik. Komandada ciddi itki yoxdur. Oyuna tam hazırıq. Bilirəm ki, beş il əvvəl bu komandalar Avropa Liqasının I təsnifat mərhələsində də qarşılaşmışdılar. Onda komandanız səfər qolu hesabına mərhələ keçmişdi.
2015-ci illə müqayisədə, komandaların tərkibi çox dəyişib. Ona görə də ovaxtkı komandaları müqayisə etmək olmaz. Çətin oyun olacaq. Hər iki komanda ölkəsinin bürünc medalçısıdır. Axşam çox maraqlı oyun baş tutacaq.
“Keşlə”nin yeni hücumçusu Silvionu yaxşı tanıyırıq. Braziliyalı futbolçu əvvəllər iki dəfə Albaniyanın “Vlaznia” komandasında çıxış edib. Amma rəqib olduğu üçün bu futbolçudan “Keşlə” barədə informasiya almağımız düz olmazdı. Həm də bu futbolçunun özü də “Keşlə”də yenidir və komandasında cəmi bir oyuna çıxıb”.
Naim Halili vaxtı ilə Albaniyanın “Kukesi” klubunda azərbaycanlı futbolçu, hazırda “Səbail”də çıxış edən Rauf Əliyevlə bir vaxtda işləyib. Onun bu barədə fikirlərini də öyrəndik:
“Rauf Əliyev üç il əvvəl “Kukesi”də oynayanda xoşuma gələn futbolçulardan idi. O, Albaniyaya gələndə hava limanında mən Raufu qarşılamışdım. Düzdür, bizdə çox qısa müddət oynadı və müəyyən problemlə əlaqədar Albaniyadan ayrıldı. Amma onu Bakıda görməyi istərdim. Əgər vaxtı olsa, onunla Bakıda görüşərdim”.

Qeyd edək ki, “Keşlə” – “Laçi” oyunu bu gün saat 21:00-da başlayacaq. Görüş “ASK Arena”da keçiriləcək.
Səbuhi Musayev