Futbol klublarımızın Antalya toplanışı zamanı 11 futbolçudan dopinq analizi götürülüb.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Milli Anti-Dopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli bildirib.
Onun sözlərinə görə, bu, klublar üçün sürpriz olub: “Biz ilin əvvəlindən 80-ə yaxın idmançıdan analiz götürmüşük. Çalışırıq ki, bu idmançılar daha çox ölkədaxili yarışlarda I yeri tutmuş idmançılar olsun ki, sonra beynəlxalq turnirlərdə problem yaranmasın. Dopinq test götürdüyümüz idmançılar arasında futbolçular da var. Ötən ay əməkdaşlıq etdiyimiz Almaniya şirkəti vasitəsilə 3 futbolçudan əlavə, 8 oyunçudan analiz götürdük. Nəticələr daha sonra saytımız vasitəsilə açıqlanacaq”.
Həmçinin MADA rəhbəri Oxu.Az-a onu da bildirib ki, bəzi federasiyalar idmançılarından dopinq test götürülməsində maraqlı olmadığından, onları sərt cəzalar gözləyir.
Bundan başqa, Azərbaycanda səfərdə olan Polşa Gənclər və Turizm nazirinin müavini, Ümümdünya Anti-Dopinq Agentliyinin (WADA) Avropa Komitəsinin sədri Rafal Pexota da danışıb:
“Biz bura Avropa Şurasının Anti-Dopinq Konvensiyası çərçivəsində WADA tərəfindən ezam olunmuşuq. Səfərin məqsədi Azərbaycandakı anti-dopinq siyasəti barədə monitorinq aparmaq və məsləhətlərimizi verməkdir. Burada olduğumuz müddətdə bir çox dövlət qurumları – Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Səhiyyə Nazirliyi və federasiya nümayəndələri, o cümlədən, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradovla görüşlər keçirdik. Bir il ərzində Azərbaycanda görülən işlər bizi yaxşı mənada təəccübləndirdi. Müşahidələrimizlə bağlı fikrimizi mayda Avropa Şurasında keçiriləcək iclasda bildirəcəyik. Ancaq indi deyə bilərəm ki, bu qısa müddətdə görülən işlər yüksək səviyyədədir”.
S.T.
www.oxu.az