Argentinanın dövlət başçısı Xavyer Miley Lionel Messinin atasının ölümü ilə bağlı yayılan yalan məlumata sərt reaksiya verib.
Oxu.Az xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
"Kütləvi informasiya vasitələrindən artıq hər şeyi gördüyünü düşündüyün bir vaxtda, bəziləri sübut edirlər ki, həmişə daha da aşağılara enmək, daha dəhşətli iyrəncliklər söyləmək və daha böyük zərər vermək mümkündür. Florensiya Penyanın striminq kanallarının birində səsləndirdiyi bu dəhşətli və abırsız bəyanat, hətta məlumat doğru olsaydı belə, bir vətəndaşın şəxsi həyatına müdaxilə olduğuna görə yenə də qəbuledilməz olardı. Bu hadisə bəzi insanların sadəcə əllərində mikrofon və ya qələm olduğu üçün hər cür cəzasızlıq hüququna sahib olduqlarını düşündüklərini bir daha xatırladır. Sanki bu onlara yaydıqları məlumatı yoxlamamaq hüququ verməklə yanaşı, həm də ən bəsit insani ləyaqət, əxlaq və həqiqətə hörmət normalarına əməl etmək öhdəliyindən azad edir", - deyə prezident vurğulayıb.
X.Miley fikirlərinə belə davam edib:
"Onu da qeyd etmək lazımdır ki, bu cılız qeybətçidən fərqli olaraq, kanal ən azından məlumatı təkzib edərək bu iyrənc insanı işdən çıxarmaqla ləyaqət nümayiş etdirdi. Təəssüf ki, belə halları öz sıralarında "jurnalistika" ilə məşğul olmaq bəhanəsi altında hər kəsi ləkələməkdən, böhtan atmaqdan və təhqir etməkdən yorulmayan, redaktorların və ya media sahiblərinin himayəsinə sığınan jurnalistlərlə dolu olan ənənəvi mediada və qəzetlərdə heç vaxt görmürük. Heç olmasa, küçə qeybətçiləri özlərini yüksək əxlaq sahibi kimi göstərməyə çalışmırlar, halbuki o birilər yalnız öz auditoriyalarından asılı olsaydılar, çoxdan müflis olacaq media qurumlarını ayaqda saxlamaq üçün siyasətçilərdən reklam gəlirləri toplayırlar".
Qeyd edək ki, bundan bir qədər əvvəl "Luzu TV" striminq xidmətinin jurnalist Florensiya Penya ilə əməkdaşlığa dərhal son qoyduğu məlum olub.