Azərbaycanlı MMA döyüşçüsü Tahir Abdullayev UFC təşkilatı ilə müqavilə imzalayıb.
Oxu.Az xəbər verir ki, 21 qələbə və 3 məğlubiyyət göstəricisinə malik olan idmançı "UFC Fight Night: Fiziev vs Torres" turnirində debüt edəcək.
Yarımorta çəki dərəcəsində mübarizə aparacaq Tahir Abdullayevin rəqibi braziliyalı Ceferson Nasimento olacaq. Bununla da Tahir Abdullayev UFC ilə müqavilə bağlayan beşinci azərbaycanlı döyüşçü kimi tarixə düşüb.
Qeyd edək ki, "UFC Fight Night: Fiziev vs Torres" turniri iyunun 27-də Bakıdakı Milli Gimnastika Arenasında keçiriləcək. Gecənin əsas qarşılaşmasında Azərbaycanın tanınmış döyüşçüsü Rafael Fiziev yüngül çəki dərəcəsində Manuel Torreslə üz-üzə gələcək.
Turnirin ikinci əsas döyüşündə isə orta çəkidə Şarabutdin "Shara Bullet" Maqomedov ilə Mişel Pereyra münasibətlərinə aydınlıq gətirəcəklər.
UFC gecəsində daha iki azərbaycanlı döyüşçü - Nazim Sadıxov və Fərman Həsənov da oktaqona çıxacaqlar. Onlar müvafiq olaraq Mateus Kamilo və Erik Nolanla qarşılaşacaqlar.
