“Sabah “Qarabağ”ın qarşısını almağa çalışacağıq”.
Oxu.Az xəbər verir ki, bunu Fransanın “Marsel” klubunun baş məşqçisi Xorxe Sampaoli Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl keçirilən mətbuat konfransında deyib.
61 yaşlı argentinalı mütəxəssis bildirib ki, sabah “Qarabağ”a qarşı ən yaxşı oyunçuları meydana buraxacaq:
“Yorğunluğu başa düşürəm. Buna baxmayaraq, sabah ən yaxşı futbolçulara güvənəcəyəm. Aydın məsələdir ki, çətin görüş olacaq. Ancaq mərhələni adlamağa çalışacağıq.
“Qarabağ” hücum futbolu oynayan komandadır və millini təmsil edən oyunçuları var. Amma sabah görəcəyik. Onların qarşısını almaq, müqavimət göstərmək üçün hər hansı tədbirlər görməyə çalışacağıq”.
“Marsel”in 22 yaşlı dayaq yarımmüdafiəçisi, Seneqal əsilli Bubakar Kamara isə bunları deyib:
“Uduzsaq, azarkeşlərimiz bunu çox pis qarşılayar. Amma bu barədə düşünmürük, oyuna hazırlaşırıq. Ümid edirik ki, mərhələni adlayacağıq, hər şey onlar üçün də, bizim üçün də yaxşı qurtaracaq”.
Qeyd edək ki, “Qarabağ” – “Marsel” matçı sabah saat 21:45-də başlayacaq. Görüş Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Səbuhi Musayev
Foto: Firudin Səlimov