"Arsenal"ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasında hakim qərarları ilə bağlı müzakirələrə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, ispaniyalı mütəxəssis futbolçuların formalarının dartılması və rəqiblərin tutulması ilə bağlı çoxsaylı videoepizodlar topladığını deyib.
Artetadan bu cür qayda pozuntularına görə hakimlərin daha sərt qərarlar verə biləcəyi ilə bağlı sual soruşulub. O, cavabında geniş videoarxivə malik olduğunu vurğulayıb:
"Bəli, formaların dartılması və futbolçuların tutulması ilə bağlı çoxlu videolarım var. Bu barədə danışa biləcəyimiz böyük bir arxiv toplamışam. Hazırda konkret bir epizodu müzakirə edirik. Amma bütün komandaların hansı vəziyyətlərlə üzləşdiyini xatırlatmaq üçün ortaya qoya biləcəyimiz çox geniş videoarxivim var".
Artetanın açıqlaması "Arsenal"ın İngiltərə Premyer Liqasının son turunda "Liverpul"u 1:0 hesabı ilə məğlub etdiyi oyundan sonra yaranan mübahisələr fonunda səslənib. Qarşılaşmada London klubunun müdafiəçisi Yurrien Timber rəqib hücumçu Aleksander İsakın formasından dartsa da, hakim penalti təyin etməyib. VAR da epizoda müdaxilə etməyib.
Hadisə Premyer Liqada cərimə meydançasında formadan dartma hallarına görə penalti qərarlarının hansı meyarlarla verilməsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.