"Dinamo Kiyev"in Avropa Liqasındakı çıxışı məndə heç bir nikbinlik yaratmadı. İstər "Universitatya", istərsə də PAOK-a qarşı matçlarda eyni məyusedici mənzərənin şahidi olduq".
Oxu.Az xəbər verir ki, bu fikirləri Kiyev klubunun və Ukrayna yığmasının sabiq futbolçusu Artyom Milevski UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Dinamo Kiyev" - "Qarabağ" dueli ərəfəsində səsləndirib.
Keçmiş hücumçu "Dinamo"nun Ağdam təmsilçisi ilə həlledici matçda mütləq toparlanmalı olduğunu vurğulayıb:
"Qarabağ" kifayət qədər güclü komanda olsa da, səviyyəcə PAOK-dan üstün deyil. Ağdam klubunun avrokubok təcrübəsinin böyük olduğunu heç kim inkar edə bilməz. Lakin bu rəqibi gözümüzdə həddindən artıq böyütməyə lüzum yoxdur. Unutmayaq ki, onlar "ÇSKA Sofiya" ilə hər iki qarşılaşmada rəqib qapısına yol tapa bilmədilər. Bu faktın özü də bir çox məqamlara aydınlıq gətirir.
Kiyevlilər təcili olaraq hücum xəttindəki problemləri aradan qaldırmalıdırlar. Bundan əlavə, futbolçularımız müdafiədəki kobud səhvləri minimuma endirməyə borcludurlar. "Qarabağ"a qətiyyən qol şansı verilməməlidir. Məhz arxa xətdəki yolverilməz boşluqlar "Dinamo"nun Avropa Liqası ilə vidalaşmasının əsas səbəblərindən biri oldu. Mən, nəhayət, yaşıl meydanda nə istədiyini bilən, əsl və məqsədyönlü bir "Dinamo" görmək arzusundayam. Nəzərə alaq ki, bu, heç Çempionlar Liqası matçı da deyil. Üstəlik, "Levıy Bereq" komandası ilə çempionat oyunu da təxirə salınıb, yəni hər hansı ağır fiziki yorğunluqdan bəhanə gətirməyə dəyməz".
Qeyd edək ki, "Arena Lublin" stadionunda keçiriləcək "Dinamo Kiyev" - "Qarabağ" matçı avqustun 6-da Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması isə avqustun 13-də saat 20:00-da başlayacaq.