İtaliyanın Kaorle şəhərində keçirilən U15 Avropa çempionatında qızıl medal qazanan Azərbaycan sərbəst güləşçiləri Hüseyn Rzazadə (41 kq) və Elgün Kərimli (85 kq) jurnalistlərə açıqlamalar veriblər.
Oxu.Az xəbər verir ki, Avropa çempionu Hüseyn Rzazadə bu qələbənin arxasında ciddi hazırlıq prosesi dayandığını bildirib:
"Qızıl medallar qazanmaqda davam edəcəyəm. Bu yarışa xüsusi hazırlaşmışdım. İlk öncə Xaçmaz şəhərində 10 günlük, daha sonra isə Mərdəkanda bir neçə günlük təlim-məşq toplantısı keçdik. Uzun müddətdir intensiv məşqlər edirəm və bu qələbə mənim üçün çox vacib idi".

41 kq çəki dərəcəsində çıxış edən Rzazadə Avropa arenasında parlaq performansı ilə fərqlənərək Azərbaycanın sərbəst güləş tarixində önəmli bir nəticəyə imza atıb.
Digər çempion Elgün Kərimli isə qazandığı uğuru Azərbaycan şəhidlərinə ithaf edib:
"Şükür ki, əziyyətim yerdə qalmadı. Bu nailiyyətə görə müəllimimə borcluyam. Bu, yalnız başlanğıcdır, gələcəkdə daha böyük uğurlar qazanmaq üçün çalışacağam. Qalibiyyətimi şəhidlərimizə həsr edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin".

85 kq çəki dərəcəsində Avropa çempionu olan güləşçi final qarşılaşması barədə də danışıb:
"Finala məşqçim Namiq Quliyevlə yaxşı hazırlaşmışdıq. Rəqibimin güclü olmasına baxmayaraq, müəllim məni həvəsləndirdi və dedi ki, sən onu udacaqsan. Başlanğıcda səhvlərim olsa da, özümü itirmədim və ikinci hissədə rəqibimi məğlub etdim."
Xatırladaq ki, Azərbaycan U15 sərbəst güləş millisi bu yarışda 2 qızıl, 4 gümüş və 1 bürünc medal qazanaraq komanda hesabında birinci yeri tutub.