“Mübariz İbrahimovun şəhid olduğu gündə iki idmançımız finalda erməni rəqiblərinə qalib gəldi. On çəkidən dördündə çempion olduq. Bu, çox yüksək nəticədir”.
Bunu Oxu.Az-a açıqlamasında yeniyetmələr arasında Avropa çempionatında komanda hesabında 155 xalla ikinci olan sərbəst güləş üzrə U-17 millimizin baş məşqçisi Əsgərxan Novruzov deyib.
Millinin baş məşqçisi keçən il olduğu kimi, yenə çempionluğu hədəflədiklərini söyləyib:
“U-17 sərbəst güləşçilər keçən il də Avropa çempionatında çox uğurlu çıxış etmişdilər. Altı qızıl medal qazanmışdıq və komanda hesabında böyük fərqlə birinci olmuşduq. Bu il də çempionluq üçün getmişdik və keçənilki qədər yaxşı hazırlaşmışdıq. Deyərdim ki, bu, mümkün idi. Amma bu il dörd şəxsi çempionluğumuz oldu. Birinci olan ermənilər qrup püşkatmalarında bizdən fərqli olaraq, daha yaxşı düşmüşdülər. Burada komanda hesabında xallar fərqli hesablanır. Bir az idman şansı da lazımdır. Bu baxımdan bəxtimiz gətirmədi”.
Əsgərxan Novruzov Yusif Dursunov və Hacı Kərimovun finalda erməni rəqiblərinə qalib gəldiklərini xatırladıb:
“Ermənilərlə iki finalımız oldu və hər ikisində qələbə qazandıq. Bunun Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu gündə olması bizim üçün qürurvericidir. Medal əyarına görə bütün ölkələri üstələdik. Rusiya və Belarus idmançıları da yarışırdılar. Gürcülərin iki, rusların, ermənilərin, almanların və moldovalıların bir “qızıl”ı oldu. Qalan dörd qızıl medalı biz götürdük. Bu, böyük nəticədir. Keçən il birinci olmuşuqsa, bu o demək deyil ki, hər il altı “qızıl” qazanmaq mümkündür. Dörd şəxsi çempionluq da nadir hallarda əldə edilir. 2013-14-cü illərdə dörd “qızıl” olmuşdu. Çalışacağıq ki, komanda hesabında sözümüzü dünya çempionatında deyək. Uşaqlara inanıram”.

Baş məşqçi bəzi görüşlərdə hakimlərin idmançılarımıza qarşı haqsızlıq etdiyini diqqətə çatdırıb:
“48 kiloqram çəki dərəcəsində Bəşir Verdiyevə son saniyədə hakimlər haqsızlıq etdilər. Bizə şans vermədən, vaxt bitdikdən sonra rəqibə xal verdilər. Bəşir gürcüstanlı güləşçiyə uduzdu. O da yarımfinalda erməniyə məğlub oldu. Bu, bizə çox təsir etdi. İnanırdım ki, Bəşir o görüşdə qalib gəlsə, digər idmançılarımız kimi, o da erməni rəqibini məğlub edərdi. 71 kq-da isə İsmayıl Rəhimlinin açıq-aşkar xalını vermədilər. Nə qədər etiraz etsək də, xalımızı qaytarmadılar. Amma görüşdən sonra hakimlər bunu boyunlarına alıb üzrxahlıq etdilər. Hətta hakimi cəzalandırdılar. Amma bu, bizə yaramadı. Ümumən, böyük fərqlə uduzmamışıq. Bir medal yarışın taleyini dəyişə bilərdi. 80 və 92 kq-da yarışan idmançılarımız hərəyə bir qələbə qazansaydılar, yekun sıralama fərqli olardı”.
Ə.Novruzov hazırkı heyətdən böyük idmançıların yetişəcəyinə inandığını söyləyib:
“Bir vaxtlar bizim komandadan Toğrul Əsgərov, Cəbrayıl Həsənov, Hacı Əliyev kimi idmançılar çıxıblar. Son olaraq Turan Bayramov yetişib. İnanıram ki, bu yeniyetmələr də böyük idmançılarımızın nailiyyətlərini göstərə bilərlər”.
Xatırladaq ki, Azərbaycan millisinin on üzvündən yeddisi Albaniyanın paytaxtı Tiranada keçirilmiş qitə birinciliyində fəxri kürsüyə qalxıb. Dörd qızıl və üç bürünc medal əldə edən yığma komanda medalların əyarına görə bütün ölkələri qabaqlayıb. Azərbaycan yığmasının heyətində Cəfər Cəfərov (45 kq), Hacı Kərimov (55 kq), Camal Abbasov (60 kq) və Yusif Dursunov (110 kq) Avropa çempionu olublar. Seyhun Əlizadə (51 kq), Mirzəağa Axundov (65 kq) və İsmayıl Rəhimli (71 kq) isə üçüncü yeri tutublar.
Faiq Tahirov