Birinci Avropa Oyunlarının qədim Atəşgah məbədində alovlandırılan məşəli iyunun 1-də Azərbaycanın şimal qapısı sayılan Qusara gətirilib.
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, məşəl Heydər Əliyev Mərkəzinin qarşısında qurulan Oyunların rəmzi qapısında alqışlarla qarşılandı.
Məşəl kik-boksinq və universal döyüş üzrə Azərbaycan çempionu Elşən Şükürov tərəfindən qəbul olundu. Bunun ardınca 10 nəfər məşəlçinin yürüşünə start verildi. Onlar növbə ilə məşəli bir-birinə ötürərək Mirzə Vəliyev, Nurəddin Şərifov, general Mahmud Əbilov və Fəxrəddin Musayev küçələrindən keçməklə şəhərin mərkəzi meydanına gəldilər.
Taekvondo üzrə Azərbaycan çempionu Vasif Qurbanov general Mahmud Əbilovun adını daşıyan meydanda quraşdırılan səhnəyə qalxaraq məşəli alovlandırdı. Qusarlılar məşəlin alovlandırılmasını böyük coşqu və alqışlarla qarşıladılar.
Sonra isə Avropa Oyunlarının çırağı yandırılaraq, yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verildi.