Bu həftə sonu Avropada bir-birindən maraqlı qarşılaşmalar keçirəcək.
Oxu.Az ənənəsinə sadiq qalaraq həftənin ən maraqlı görüşlərini təqdim edir:
1 dekabr
18:30 “Verder” – “Bayern”
Münxenin “Bayern” klubu yerli çempionatda keçirdiyi son üç oyunda qələbə üzünə həsrət qalıb. Hətta Çempionlar Liqasında “Benfika” üzərindəki 5:1 hesablı qələbə münxenli azarkeşlərin qəzəblərini soyutmayıb. “Verder” klubunun da vəziyyəti rəqibindən fərqlənmir. VII sırada qərarlaşan komanda çempionatda keçirdiyi son dörd oyunda qələbə qazana bilməyib. Meydan sahibləri bu oyunda qələbə qazansa, bundesliqadakı IV pilləyə yiyələnə bilər.
1 dekabr
21:00 “Fiorentina” – “Yuventus”
“Yuventus” A seriyasının yeganə məğlubedilməz komandasıdır. “Fiorentina” isə yerli çempionatda keçirdiyi son beş oyunda rəqibləri ilə sülh bağlayıb. Hər iki komandada zədəli futbolçular var. “Fiorentina”da Pyatsa və Petsella, “Yuventus”da isə Əmrə Can və Sami Kedira zədə səbəbindən oyunda iştirak edə bilməyəcək.
1 dekabr
23:45 “Real Madrid” – “Valensiya”
Hazırda La Liqada VI sırada qərarlaşmış Madridin “Real” klubu ötən tur “Eybar” komandasına 0:3 hesabı ilə məğlub olub. Elə “Valensiya” klubunda da vəziyyət ürəkaçan deyil. Komanda XI yerdə qərarlaşıb. Madrid klubunu məğlub edəcəyi halda, “Valensiya” vəziyyətini qismən yaxşılaşdıra bilər.
2 dekabr
17:30 “Feyenoord” – PSV
PSV klubu yerli çempionatda keçirdiyi son 13 oyunda qələbə qazanıb. “Feyenoord” hazırda III pillədədir, liderdən 13 xal geridə qalan komanda bir oyun az keçirib.
2 dekabr
18:05 “Arsenal” – “Totenhem”
Ötən turda “Çelsi”ni büdrədən “Totenhem” bu dəfə “Arsenal”ı sınağa çəkəcək. Qeyd etmək yerinə düşər ki, bu il “Arsenal” klubu əla mövsüm keçirir. Əgər bu oyunda “Arsenal” qələbə qazansa, “Totenhem”lə xalını bərabərləşdirəcək, hətta onu "dördlük"dən sıxışdırıb çıxaracaq.