Millimizin U-21 komandasının baş məşqçisi Ayxan Abbasov AFFA-nın irəli sürdüyü ilkin şərtlə razılaşmayıb.
Oxu.Az Sport24.az-a istinadən xəbər verir ki, ölkənin ali futbol qurumunun rəhbərliyi Abbasovun müvəqqəti olaraq baş məşqçi kimi yığmanı qarşıdakı oyunlara çıxarmasını istəyib.
Ancaq Ayxan bəy "müvəqqəti" statusla barışmaq istəmir. O, AFFA rəsmiləri ilə söhbətdə bildirib ki, tam əsasla müqavilə bağlansa, bu ağır yükün altına girə bilər.
44 yaşlı mütəxəssis onu da vurğulayıb ki, dörd oyunda əsas millinin "sükanı arxasında" olacağı təqdirdə millimizin U-21 komandasına diqqət yetirə bilməyəcək. Bu da son vaxtlar ümid millisində görülən işlərin yarımçıq qalması deməkdir.
Qeyd edək ki, Fernandu Santuşun istefaya göndərilməsindən sonra Ukrayna ilə matça komandanı meydana Ayxan Abbasov çıxarmışdı.