"İslandiyaya məğlub olduğumuz oyundan fərqli olaraq bu gün daha rahat idik".
Oxu.Az xəbər verir ki, bunu DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Fransa yığma komandaları arasında oyundan sonra mətbuat konfransında Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov deyib.
O bildirib ki, qoldan sonra Fransa daha çox hücum etməyə başlayıb: "Şahruddinin zədəsi bir az komandaya təsir etdi. Futbolçularıma bütün oyunlarda göstərdikləri əzmkarlığa görə təşəkkür edirəm. Nəticə istəyiriksə, səbir etməliyik. Komandanın ümumi oyununa baxanda irəliləyiş olduğunu görürük. Zədəlilərimiz çox idi. Amma bu seçmə mərhələ bizə yeni oyunçular da qazandırdı.
"Fürsətdən istifadə edib azarkeşlərimizə də öz təşəkkürümü bildirirəm. Uzun zaman idi millimizin oyununda belə dəstək olmurdu. Sonlara yaxın komandada ümumi olaraq yorğunluq olsa da, azarkeşlərin dəstəyi nəticəsində sona qədər döyüşdülər",- deyə baş məşqçi vurğulayıb.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş Fransanın 1:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Murad Nəsimi