Birinci Avropa Oyunları Bakının simasını dəyişəcək.
Oxu.Az xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov I Avropa Oyunlarına həsr olunmuş tədbirdə deyib.
“Bakı bir çox tədbirlərə - “Eurovision”, bir sıra idman yarışları, forumlar və s. - ev sahibliyi edib. I Avropa Oyunları ilə Azərbaycan öz bacarığını göstərmək istəyir. Oyunlar zamanı Azərbaycan dünyaya qonaqpərvərlik, mədəniyyət, irsi, infrastrukturunu nümayiş etdirəcək", - nazir bildirib.
Nazirin sözlərinə görə, I Avropa Oyunları Azərbaycan gəncləri üçün sağlam həyat tərzinə çağırış olacaq.
“İndi Bakıda badminton və stolüstü tenis populyar deyil, lakin oyunlardan sonra gənclərdə bu idman növlərinə daha çox maraq yaranacaq”, - deyə Azad Rəhimov bildirib.
Bakı Olimpiya stadionunda aparılan işlərə toxunan nazir deyib ki, işlərin 95-97%-i tamamlanıb.
“Stadionun açılışı iyunun 12-nə təsadüf edəcək. Bu günlərdə prezident sonuncu baxış keçirib, stadionda gedən işlərlə tanış olub. Stadionda qurğular quraşdırılıb və yoxlanılır”, deyə nazir bildirib.
E.Ə.
FOTO: Nüsrət Abdullayev