Avropa Cüdo Birliyinin prezidenti, Beynəlxalq Cüdo Federasiyasının, eləcə də, Rusiya Cüdo Federasiyasının vitse-prezidenti Sergey Soloveyçik Ermənistan cüdoçularının Azərbaycana gəlməkdən imtina etməsinə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, rusiyalı mütəxəssis Ermənistanın bu addımını düzgün saymadığını bildirib:
“Əgər Ermənistan millisi Azərbaycana getməyəcəksə, bu, bizim hamımız üçün geriyə addım olacaq. Cüdo birləşmək üçün meydandır. Biz həmişə mübarizə aparmışıq və aparacağıq ki, idmançılar siyasətdən kənarda qalsın. Biz Yerevanda Avropa çempionatı keçirdik və hər şeyi etdik ki, Azərbaycandan olan idmançılar orada iştirakı qəbul etsin. Himn də çalındı, bayraq da qaldırıldı.
Eyni şey Bakıda da oldu. Avropa Oyunlarını xatırlayın. Fikrimcə, vaxt olduqca az qalsa da, bu situasiyanı həll etmək üçün ümid var”.
Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov da bu məsələ ilə bağlı Rusiyanın TASS nəşrinə fikirlərini bildirib. O qeyd edib ki, Azərbaycan tərəfi sentyabrın 20-26-da Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatında ermənilərin iştirak etməsi üçün hər şeyi edib:
“Bu dəfə biz bütün zəmanəti vermişik. Göndərdiyimiz sənəd dövlət adından təhlükəsizliyə tam zəmanət və viza dəstəyi üçün təqdim olunub. Məktubun surəti Beynəlxalq Cüdo Federasiyası və Avropa Cüdo Birliyinə göndərilib. Biz bütün öhdəlikləri yerinə yetirmişik və ona görə də indi yaranan situasiya tam başadüşülən deyil.
Ermənistan nümayəndə heyəti birinci dəfə güləş üzrə dünya çempionatı (2007-ci il – S.M.) üçün Bakıya gəlib. Onda Beynəlxalq Olimpiya Komitəsinin nümayəndəsinin iştirakı ilə bizim qonaqlarımızın təhlükəsizliyinə zəmanət verən anlaşma imzalanmışdı. Sonda mən cüdo üzrə yeniyetmələrin Avropa çempionatı ərəfəsində Yerevana getdim. Orada da yenidən Yerevandakı çempionatda bizim cüdoçularımızın iştirak edə bilməsi üçün müvafiq sənədi imzaladıq”.
Azad Rəhimovun sözlərinə görə, sonradan tərəflər vaxt itkisinin qarşısını almaq üçün yalnız hər iki dövlət tərəfindən verilən zəmanət məktubu ilə kifayətlənmələrinə dair razılığa gəliblər:
“Bu zəmanət məktubu ilə 23 erməni idmançı Bakıdakı Avropa Oyunlarında (2015-ci il – S.M.) iştirak edib. Qayıdarkən idmançılar, o cümlədən onların məşqçilər heyəti yazdı ki, hər şeydən razı qalıblar”.
Səbuhi MUSAYEV
www.oxu.az
Rəylər