Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycan atleti: Karyeramda ən çətin qızıl medal bu Universiadada oldu
Qlazqodakı Avropa çempionatından iki həftə sonra Universiadaya hazırlaşmağa başlamışdım. Çətinliyim o oldu ki, qısa hazırlıq keçdim. Amma yenə də özümü toplayıb bu yarışda qələbə qazanmağı bacardım.
Bunu Oxu.Az-a açıqlamasında üç təkanla tullanmada Universiadanın qalibi olmuş atlet Nazim Babayev deyib.
Azərbaycan təmsilçisi N.Bayramov qalib olub. İki il əvvəl Tayvanda keçirilmiş Universiadanın da qalibi olmuş 21 yaşlı idmançımız İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında üç təkanla tullanma yarışlarında zəif nəticə göstərib.
Belə ki, həmin vaxt 17,01, bu ilin martında çempion olduğu Avropa çempionatında 17,29 nəticə göstərmiş Nazim bu dəfə 16,89 metrə tullana bilib. Gümüş və bürünc medal qazanan braziliyalılar – Mateuş Sa və Aleksandro Melo isə 16,57 nəticə göstərə bilib.
Rəqiblər arasında fərqə əsasən deyə bilərik ki, idmançımız daha asan qələbə qazanıb. Amma belə deyil. Nazimin özü buna aydınlıq gətirdi:
“Asan qələbə kimi görünsə də, idman karyeramda ən çətin qızıl medallarımdan birini qazandım. Çünki yarış zamanı həm psixoloji, həm də fiziki cəhətdən çox böyük çətinliklərlə üzləşmişdim. İlk iki cəhdimdə xətti keçdiyim üçün qırmızı bayraq almışdım və nəticəm hesaba alınmamışdı. Amma üçüncü cəhdimdə özümü toplayaraq, 16,58 nəticə göstərdim və finala – səkkiz idmançı arasına düşdüm.
Final mərhələsində də iki cəhdimdə qırmızı bayraq aldım. Halbuki bunlardan biri mənim üçün uğurlu alınmışdı. Təxminən 17,20 metrə tullanmışdım. Amma xətti tapdaladığımdan, bu nəticə sayılmadı. Bununla belə, sonuncu cəhdimdə göstərdim ki, rəqiblərimdən üstünəm və yarış mənim üçün o qədər də uğurlu keçməsə də, 16,89 nəticə göstərib qalib oldum.
Mənim üçün çətin keçən yarışda qalib olduğum və ikinci dəfə Universiadanın çempionu adına yiyələndiyim üçün sevincliyəm. Düşünürəm ki, Vətən qarşısında xidmətini ləyaqətlə yerinə yetirdim”.
N.Bayramov dünəndən İsveçin Yevle şəhərində başlamış 23 yaşadək atletlərin Avropa çempionatında mübarizə aparacaq. O, ümid edir ki, iki il əvvəl Polşada qalibi olduğu bu yarış vasitəsilə Olimpiadaya vəsiqə qazanacaq:
“Çox təəssüf ki, Universiada vasitəsilə Tokio Olimpiadasına vaxtından erkən vəsiqə qazana bilmədim. Çünki 17.14 metr və ondan yuxarı tullansaydım, vəsiqə qazanacaqdım. Amma üzülmürəm, hazırda İsveçdəyəm. Sabah U-23-lərin Avropa çempionatında üç təkanla tullanmada təsnifat, iyulun 14-də isə final mərhələsində çıxış edəcəyəm. Həmin yarış vasitəsilə Olimpiadaya vəsiqə qazanmağa çalışacağam”.
Qeyd edək ki, N.Bayramov Avropa Gənclər Olimpiya Festivalının (2013), gənclər arasında Avropa çempionatının (2015), IV İslam Həmrəyliyi Oyunlarının (2017), U-23-lər arasında Avropa çempionatının (2017), qapalı məkanda keçirilən Avropa çempionatının (2019) qalibidir. O, hazırda dünya reytinqində VII yerdədir.
Səbuhi Musayev
Rəylər