Bakıda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində Azərbaycan idmançısı Məmmədəli Mehdiyev gümüş medal qazanıb.
Oxu.Az xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən idmançımız ardıcıl olaraq Con Ceyn (ABŞ), Qoki Tacima (Yaponiya) və Luka Maysuradzeyə (Gürcüstan) qalib gəlsə də, qızıl medal uğrunda görüşdə digər yaponiyalı Kosuke Maşiyamaya uduzaraq ikinci yerlə kifayətlənib.
Həmçinin ən ağır çəkili cüdoçumuz, gürcü əsilli Uşanqi Kokauri (+100 kq) bürünc medal qazanıb. Beləliklə, idmançılarımız yarışı 7 medalla başa vurub.
Xatırladaq ki, turnirin ilk iki günündə təmsilçilərimiz Orxan Səfərov (-66 kq) qızıl, İçinxorloo Muntsxedev (-57 kq) gümüş, Rövşən Əliyev (-60 kq), Hidayət Heydərov (-73 kq) və Elcan Hacıyev (-81 kq) isə bürünc medala sahib olub.
Heydər Əliyev adına İdman Kompleksində təşkil olunan turnirdə 29 ölkədən 200-ə yaxın cüdoçu iştirak edib. Azərbaycan yarışda 33 cüdoçu ilə təmsil olunub.