“Sabah”ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasında debüt edib.
Peşəkar Futbol Liqasının saytı xəbər verir ki, bu, 2020/21 mövsümünün ilk turunun “Qarabağ”la səfər matçına təsadüf edib.
İspaniyalının debütü 0:2 hesablı məğlubiyyətlə əlamətdar olub. Qomes ölkə çempionatları tarixinə 57-ci legioner baş məşqçi kimi düşüb. Cari mövsümün startına qədər 56 əcnəbi çempionatın güclülər dəstəsində iş başında olub.
“Sabah”ın çalışdırıcısı bu siyahıya düşən üçüncü ispaniyalıdır. Onadək iki həmyerlisi Premyer Liqa həyəcanı yaşayıb. İspaniyalıların hər ikisi 2012/13 mövsümündə debüt edib. Karles Martorell Bakes çempionatın gedişində “Xəzər Lənkəran”ı 10 matça çıxarıb. Luis Araqon həmin mövsümün son səkkiz turunda “Qəbələ”nin əsas komandasına rəhbərlik edib.