"Qarabağ" və "Neftçi" komandaları arasında indiyədək keçirilmiş oyunlarda üç futbolçu het-trik edə bilib.
Oxu.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan derbilərində bunu ancaq Ağdam klubunun oyunçuları bacarıblar.
"Köhlən atlar"ın sabiq üzvləri Georgi Adamiya, Reynaldo Silva və Filip Ozobiç "ağ-qaralar"a qarşı bir matçda üç qol vura biliblər.
Tərəflərin duelində ilk dubla isə Yunis Hüseynov 1994-cü ildə imza atıb. Qarşılaşma Bakı klubunun 3:2 hesablı qələbəsi ilə bitib. "Qarabağ"ın ilk dublu isə bir il sonra Müşfiq Hüseynovun aktivinə yazılıb. Həmin görüşdə qalib müəyyənləşməyib - 2:2.
Yalnız iki futbolçu 2 dəfə dubla yadda qalıb. Bunlar Mahir Emreli və Kadi Borgesdir (hər ikisi "Qarabağ").
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da derbidə dubl edib. O, 2004-cü ildə 3:1 hesabı ilə qalib gəldikləri matçda "Neftçi"nin futbolçusu kimi fərqlənib.
Qeyd edək ki, "Azersun Arena"da keçiriləcək növbəti "Qarabağ" - "Neftçi" derbisi noyabrın 9-da saat 18:44-də start götürəcək.