Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycan futbolunun zülmətinə işıq saçan "Qarabağ"ın gücü bitdi?
Anar Həsənov yazır...
UEFA Avropa Liqasının Liqa mərhələsində mübarizə aparan "Qarabağ" üç oyundur ki, azarkeşlərinin üzünü güldürə bilmir. Bəli, qəbullanmaq lazımdır ki, rəqiblərimiz Avropanın titullu klublarıdır. Biz isə hələ sadəcə aşağısəviyyəli klublarla mübarizə aparmaq gücünə sahibik. Düzdür, "Braqa" və "Bayer Leverkuzen" kimi klublarla çətin anlar yaratmağı bacaran da "Qarabağ" idi. Amma qəbullanmaq lazımdır ki, hazırkı "Qarabağ" bizim tanıdığımız, oyununa qibtə etdiyimiz "Qarabağ" deyil.
"Ayaks" Azərbaycana gəlmiş ən titullu klubdur. Bu nüansa diqqət etmək lazımdır. Ola bilər ki, rəqib formadan çox uzaq olsun. Amma UEFA Çempionlar Liqası və Avropa Liqasında böyük təcrübəsi olan komandaya qarşı daha ehtiyatlı oynamaq lazım idi.
Çünki muzeyində dörd Çempionlar Liqası (Kuboku), üç UEFA Superkuboku, bir UEFA Kuboku, iki UEFA Kuboklar Kuboku, iki Qitələrarası Kubok, 36 Niderland çempionluğu olan, 50 ildən çoxdur dünya futbolunun dəbini müəyyənləşdirən, Mixels və Kroyf kimi fundamental futbol şəxsiyyətlərini dünyaya bəxş edən, futbol deyiləndə yada düşən 3-4 klubdan biri də məhz elə "Ayaks"dır. Daha öncəki rəqiblərimiz də zəif deyildilər. İstər "Molde", istərsə də "Tottenhem".
Bəlkə də biz, "Qarabağı" çox böyütmüşdük.
Qurban Qurbanovu üç məğlubiyyətdən sonra istefaya səsləyənlər oldu. Amma bu yanlış düşüncə tərzidir. Çünki Azərbaycan futboluna və azarkeşinə UEFA Çempionlar Liqası həyəcanını yaşadan. UEFA Avropa Liqasında Azərbaycan klubunu 1/8 final mərhələsinə yüksəldən də elə Qurban Qurbanov idi. Hazırda dünya futbolunda "Qarabağ" və Azərbaycanın adı hallanırsa, bunu Qurban Qurbanova borcluyuq.
Kiçik büdcə ilə ən maksimumu etməyə çalışan Qurban Qurbanov və "Qarabağ"dan Avropa nəhəngləri ilə görüşdə daha artığını gözləmək bir az reallıqdan uzaqdır.
Artıq "Qarabağ"dan yeni uğurlar və nailiyyətlər gözləmək yerinə komandanın oyunundan zövq almaq və inkişaf etmək lazımdır.
Bu öz yerində, indi isə oyunun daxilində baş verənlərə diqqət yetirək.
Romao boş yerdən niyə qırmızı vərəqə aldı? Təqribən iki aydır alqışlanan Elvin Cəfərquliyevi əvvəlki vəziyyətinə kim və nə qaytardı?
Hər iki futbolçuya verilən vərəqələr haqlı, təmiz qırmızı idi.
Qurban Qurbanov "Ayaks" kimi səviyyəli komandalara qarşı belə məsuliyyətsiz, məntiqsiz hərəkətlər edən futbolçularla yolları ayırmaq barədə düşünməlidir. İlk dəqiqələrdə "Ayaks"ın qapısından top keçirən "Qarabağ" Romaonun qırmızı vərəqə alması sayəsində qaranlığa qərq oldu. Bərabərsəviyyəli, hətta bizim üstünlüyümüzlə gedən oyun 180 dərəcə dəyişdi. Düzdür, Romaonun qırmızı vərəqəsi olmasa idi oyunun nəticəsi necə olardı - bilmirik. Amma reallıq budur ki, komandanın məğlubiyyətinin ən böyük səbəbkarı Romaodur.
Amma tək günahkar Romao deyil. Hər oyunda minimum sarı vərəqə almasa dincəlməyən Elvin Cəfərquliyevi də xatırlamaq lazımdır. Azərbaycan futbolunun inkişaf etməməsinə ən böyük səbəb də Elvin kimi futbolçuların bir az inkişaf etdikdən sonra "ulduz" sindromuna tutularaq eniş yaşamasıdır. "Ayaks"a qarşı oyunda qeyri-peşəkarcasına çıxış etmək "Qarabağ" kimi təcrübəli komandaya heç bir halda yaraşmır. Təbii ki, bu məğlubiyyətdə digər futbolçuların da günahı var idi. Zubir sanki artıq "Qarabağ"dan getmək istəyir. Keçmişdə tanıdığımız və gördüyümüz oyun tərzi və həvəsi yoxdur Zubirdə.
Hakimlik barədə nə demək olar?
Sayılmayan qol baş hakimin səlahiyyət sahəsi deyil, buna yan xətt və VAR hakimləri məsuliyyət daşıyırlar.
O ki qaldı, qapımıza təyin olunan penaltiyə, bu tamamilə yanlış qərar idi. Düzdür, Medina nəzərəçarpacaq dərəcədə aqressivlik göstərdi, rəqibə çiyinlə çox sərt formada toxundu. Amma istənilən halda, o cür toxunuşa görə penalti çox ağır qərar idi.
Ən önəmli məsələ budur ki, "Qarabağ" doqquz nəfərlə qaldığı halda "Ayaks"la mübarizə aparırsa, digər rəqiblərini 11 futbolçu ilə məğlub edə bilər. Qurban Qurbanov isə qış transfer pəncərəsində artıq yeniliklər etməli, hücum xəttini dəyişməli, Romao ilə sağollaşmalıdır. Nəticə yoxdursa, zövq oxşayan futbol üçün buna ehtiyac var.
Bundan sonrakı 5 oyunun nəticəsi nə olur olsun, 2025-ci ildən "Qarabağ"da ciddi dəyişikliklərə, yenilənməyə ehtiyac var.
Rəylər