Futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.
Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakıda Qətər yığması ilə qarşılaşıb. Bakı Olimpiya Stadionunda oynanılan və litvalı FIFA referisi Donatas Rumşas idarə etdiyi görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Qarşılaşmada hesabı qonaqlar açıblar. 23-ci dəqiqədə Almez Əli fərqlənib. 37-ci dəqiqədə Emin Mahmudov özünə qarşı kobudluqdan sonra təyin olunan penaltini dəqiq yerinə yetirməklə tarazlığı bərpa edib. İlk hissə qarşılıqlı qollarla yekunlaşıb. İkinci yarıya daha yaxşı başlayan Azərbaycan millisi 67-ci dəqiqədə rəqibi növbəti dəfə meydanın mərkəzinə dəvət edib. Mahmudov özünün və komandasının 2-ci qoluna imza atıb. Yeri gəlmişkən, bu, 29 yaşlı yarımmüdafiəçinin yığmadakı 8-ci qolu olub. Matçda son nöqtəni isə Qətərin heyətində Almez Əli qoyub. 25 yaşlı hücumçu 78-ci dəqiqədə dublu rəsmiləşdirib.
Qeyd edək ki, Azərbaycan millisinin 2021-ci ildəki son oyunu olub.
21:03
Futbol üzrə Azərbaycan və Qətər milli komandaları arasında yoldaşlıq oyunu başlayıb.
Matçı litvalı FIFA referisi Donatas Rumşas idarə edir. Bu, Azərbaycan seçməsinin 2021-ci ildəki son oyunudur.
19:57
Bakıda beynəlxalq yoldaşlıq oyununda üz-üzə gələcək Azərbaycan və Qətər yığmalarının start heyətləri açıqlanıb.
Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
Azərbaycan: 1. Emil Balayev, 2. Qara Qarayev, 3. Azər Salahlı, 4. Bəhlul Mustafazadə, 5. (k.) Maksim Medvedev, 8. Emin Mahmudov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 18. Anton Krivotsyuk, 19. Filip Ozobiç, 21. Höccət Haqverdi
Baş məşqçi: Canni De Byazi
Qətər:
22 Barsham 3.Hassan, 4. Albayati 5.Salman 6. HatimC 7. Alaaeldin 12. Boudiaf 13. Khidir 16. Khoukhi 19. Ali 23. Madibo
Baş məşqçi: Feliks Sançes
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Qətər matçı saat 21:00-da başlayacaq.
09:57
Futbol üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək.
Oxu.Az xəbər verir ki, bu, yığmamızın 2021-ci ildəki sonuncu matçı olacaq.
Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakıda Qətər yığması ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda oynanılacaq görüş saat 21:00-da start götürəcək.
Matçı litvalı FIFA referisi Donatas Rumşas idarə edəcək.
Millimiz Qətərlə bu matça qədər üç dəfə yoldaşlıq görüşündə üz-üzə gəlib. 2013-cü ildə Qətərin paytaxtı Dohada baş tutmuş qarşılaşma 1:1 hesablı heçə-heçə ilə başa çatıb. 4 il sonra eyni şəhərdə keçirilmiş 2-ci matçda Azərbaycan millisi rəqibini məğlub edib - 2:1. Bu il martın 27-də Macarıstanın Debretsen şəhərindəki görüşdə isə Qətər yığması eyni hesabla qalib gəlib.
Qeyd edək ki, Qətər millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsinin A qrupunda müsabiqədənkənar iştirak edir.
Beynəlxalq yoldaşlıq oyunu
14 noyabr
21:00. Azərbaycan - Qətər
Hakimlər: Donatas Rumşas, Aleksandr Radius, Dovidas Sujiedelis (hamısı Litva)
Dördüncü hakim: Elçin Məsiyev
Bakı Olimpiya Stadionu.