Bu gün Formula-1 üzrə Azərbaycan Qran-Prisi çərçivəsində F-1 şəhərciyinə və əyləncə zonalarına tamaşaçıların daxil olmasına icazə verilib.
Oxu.Az xəbər verir ki, Bakıdakı Formula-1 yarışlarına bileti olan şəxslər artıq saat 14:00-dən etibarən Bakı Şəhər Halqası (BŞH) ərazisində yerləşən əyləncə zonalarına yollanıblar.
Eyni zamanda, tamaşaçılar dənizkənarı bulvar ərazisində yerləşən Oyun Zonalarında quraşdırılmış simulyatorlarda sürücülük bacarığını sınamaqla yanaşı, Pit-stop yarışında iştirak edərək əyani şəkildə Formula-1 təcrübəsinə yiyələniblər.
Dənizkənarı bulvar zonasında salınan Azərbaycan Mədəniyyəti guşəsində avtoidman həvəskarlarına müxtəlif məşğələlər vasitəsilə Azərbaycan xalqının milli ənənələri və incəsənət nümunələri, o cümlədən xalçaçılıq, dulusçuluq, nəqqaşlıq və oyma sənətinin incəlikləri təqdim olunub.
Qeyd edək ki, bu gün saat 19:00-dan 20:30-dək tamaşaçılar Pit Yolu gəzintisində iştirak edə biləcəklər. Yürüş zamanı tamaşaçılar Pit Yoluna daxil olaraq F-1 komandalarının qarajlarda bolidləri yarışa necə hazırladıqlarının şahidi olacaqlar. Pit Yolu Gəzintisi üçün giriş Formula-1 Şəhərciyində, Abşeron tribunasının yanında olacaq.
Elvin Əhmədov
FOTO: İsmayıl Nur
www.oxu.az