Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycan üçün uğurlu, “Arsenal” üçün uğursuz hakim
Oktyabrın 4-də keçiriləcək “Qarabağ” – “Arsenal” oyununa təyin olunmuş Davide Massa Azərbaycana tanış hakimdir.
Oxu.Az xəbər verir ki, italiyalı referi Bakıya ilk dəfə gələsi olsa da, 2014-cü ilin iyulun 17-də Azərbaycan klubunun oyununu idarə edib.
Həmin matç Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçirilmiş “Elfsbory” – “İnter” (indiki “Keşlə” – S.M.) görüşü olub. İsveçdə keçirilmiş sözügedən matçda Bakı klubu 1:0 qalib gəlmişdi. Massa cibindən çıxardığı yeddi sarı vərədən ikisini məhz “İnter”in futbolçularına göstərmişdi. O vaxt “İnter”də çıxış edən futbolçulardan xorvatiyalı Matiya Şpiçiç və paraqvaylı David Mesa sarı vərəqə almışdı.
37 yaşlı Massa bir dəfə “Arsenal”ın da oyununu idarə edib. Ancaq əsas yox, 19 yaşadək komandasının. Bu, 2016-cı ilin fevralın 9-da UEFA Gənclər Liqasının pley-off oyunu çərçivəsində keçirilmiş “Anderlext” – “Arsenal” görüşüdür. Bu matçda Belçika klubu 2:0 hesabı ilə qalib gəlmişdi.
Onu da bildirək ki, bu hakim İtaliya A Seriyasının son turunun “İnter” – “Kalyari” görüşündəki (2:0) idarəçiliyinə görə yerli mətbuat tərəfindən tənqid olunub. “Corriere dello Sport” “Kalyari”nin futbolçusu Daniele Dessenanın əli ilə vurduğu qolun hesaba alınmamasına görə baş hakimin ünvanına sərt sözlər işlətdiyini, ancaq Davide Massanın onu qovmaq cəsarətində olmadığını vurğulayıb. Massa 73-cü dəqiqədə Dessenaya sarı vərəqə verməklə kifayətlənib.
Səbuhi MUSAYEV
www.oxu.az
Rəylər