AFFA-da 12 il işləyən almaniyalı Bernhard Lipert karyerasını Afrikada davam etdirəcək.
Multimedia jurnalisti Ovusu Bempa Ayalanın sözlərinə görə, Qana Futbol Assosiasiyası alman məşqçini texniki direktor vəzifəsinə təyin edəcək.
O, martda müqaviləsi başa çatan Fransis Oti Akentenqi bu vəzifədə əvəzləyəcək. 58 yaşlı məşqçinin tərcümeyi-halı 100 nəfər namizədin göndərdiyi CV arasından seçilib. Daha sonra altı şəxs arasında keçirilən videokonfrans formatında müsahibədən Lipert “qalib ayrılıb”.
Onunla müqavilə şərtlərində anlaşılsa, assosiasiya təyinatı rəsmi şəkildə açıqlayacaq.
Qeyd edək ki, vaxtı ilə Almaniyanın “Ayntraxt” klubunun əvəzedici komandasında (1994-1997) və əsas komandada köməkçi məşqçi (1997-2000) kimi çalışan Bernhard Lipert 2008-ci ildən ölkəmizdə işləməyə başlayıb. O əvvəl 19 və 21 yaşadək millilərimizin baş məşqçisi (2008-2012) olub. Daha sonra AFFA-da texniki direktor vəzifəsinə təyin edilib. İyunun 30-da onun başa çatan müqaviləsi yenilənməyib.
Səbuhi Musayev