Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanda “Formula-1”in ləğv olunmasının əsl səbəbi bilindi
“Formula-1 Azərbaycan Qran-Prisi”nin ləğvinin səbəbi açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu qərar davam edən qlobal koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası hökuməti, “Formula-1” dünya çempionatının rəhbərliyi və Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən aparılan geniş müzakirələr nəticəsində birgə qəbul olunub.
Azərbaycan və Sinqapur Qran-prilərinin ləğvinin səbəbi kimi hazırda koronavirusla bağlı davam edən qeyri-müəyyən vəziyyətin yarış obyektinin vaxtında tikilib başa çatmasına əngəl törətməsi göstərilib.
Həmçinin bu proses zamanı tikinti işçilərini və mühəndislərin sağlamlıq baxımından təhlükə altında olacağı nəzərə alınıb. Bununla yanaşı, bütün dünyada ölkələr tərəfindən həyata keçirilən müxtəlif önləyici tədbirlər və həmçinin bu tədbirlərin ölkələr arasındakı səyahətə olan təsirləri bu il Bakıda yarış həftəsonunun reallaşması imkanını bir az da azaldıb. Bütün bu səbəblər Bakı Şəhər Halqasına Azərbaycan Qran-Prisini ləğv etməkdən başqa seçim qoymayıb.
Builki yarışın ləğvinə görə alınan biletləri geri qaytarmaq istəyənlər [email protected] elektron ünvanı vasitəsilə müraciət edə bilərlər. Əks halda, alınan biletlər gələn il baş tutacaq yarış üçün etibarlı hesab ediləcək.
Digər tərəfdən, builki yarışın ləğvi yerli promouter üçün hər hansı maliyyə öhdəliyi yaratmır və eyni zamanda, builki yarışın keçirilməsi ilə bağlı ödənilmiş lisenziya haqqı olduğu kimi gələn ilki yarış mövsümünə ötürüləcək.
Qeyd edək ki, bu il “Formula-1”in Bakıda sentyabrda keçirilməsi müzakirə olunurdu. Lakin bu gün həmin yarışın baş tutmayacağı rəsmiləşib.
Səbuhi Musayev
Rəylər