AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Oxu.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının XX turunun oyunlarında baş verənlər müzakirə edilib və müvafiq qərarlar çıxarılıb.
Bunlardan ən maraqlısı millimizin və “Zirə” klubunun qapıçısı Emil Balayevin geyim formasındakı qüsura görə oyunun gec başlaması ilə bağlıdır. Paytaxt klubu bu üzdən 800 manat ziyana düşüb.
Həmin oyun həm də hakimin start fitindən öncə qapı torunda problem aşkarlandığına görə gecikib. Bu səbəbdən meydan sahibi “Səbail” eyni məbləğdə cəriməni ödəyəcək.
I Divizionun XVIII turunun “Qarabağ-2” – “Qaradağ Lökbatan” və “Zaqatala” – “Səbail-2” oyunlarında tibb otağı tibbi ləvazimatlar və həkimlə təmin edilməyib. Bu səbəbdən “Qarabağ” və “Zaqatala” klubları 80 manat cərimələnib.
İkinci oyunda Hakimlər Komitəsinin müraciətinə əsasən İntizam Komitəsi videogörüntüləri izləyib və buna əsasən, protokolda “Zaqatala”nın futbolçusu Kənan Müslümova səhvən verilən qırmızı vərəqənin ləğv olunduğu və həmin komandanın digər oyunçusu Elşad Əliyevə ikinci sarı vərəqənin verilməli olduğunu təsdiqləyib.
Futzal üzrə II Liqanın “Dalğa” – “Zülfüqar” matçında qonaq komandanın forması ev sahibinki ilə eyni rəngdə olduğundan oyun baş tutmayıb. Bu səbəbdən “Zülfüqar” komandasına 0:5 hesablı texniki məğlubiyyət verilib.
Yüksək Qızlar Liqasının “Xırdalan City” (Bakı) – “Qəbələ FK” oyununun 55-ci dəqiqəsindən sonra hava şəraitinə görə (möhkəm külək - 61 km/saat) oyunu davam etdirmək mümkün olmayıb və oyun dayandırılıb. İntizam Komitəsi oyunun dayandırıldığı dəqiqədən təyin ediləcək ehtiyat gündə keçirilməsinə qərar verib. Oyunun tarixi hər iki komandaya oyunu keçirən qurum tərəfindən bildiriləcək.
Səbuhi Musayev