Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycanda klub rəhbərliyi futbolçuları oruc tutduqlarına görə CƏZALANDIRIB?
"Həkimin məsləhəti ilə qidalanma qaydalarına hamı bir nəfər kimi riayət etməli idi".
Bunu Oxu.Az-a açıqlamasında futbolçuları oruc tutduqları üçün cəzalandırıldıqları deyilən "Hypers Guba" klubunun prezidenti Ayaz Abdullayev məsələyə aydınlıq gətirərkən deyib.
"Məni tanıyanlar bilir ki, heç kimin dini inancına hörmətsizlik etmərəm. Əksinə hörmətim daha çoxdur. Hətta, Region Liqasında final görüşündə qalib gələcəyimiz təqdirdə üç futbolçumuza söz vermişdim ki, qazansaq, Kərbəlaya və Məşhəd ziyarətinə göndərəcəyəm. Keçən il ərzində, Ramazan ayında dəfələrlə iftar süfrəsi açmışam. Bunu hər bir futbolçu təsdiqləyə bilər.
Ayaz Abdullayev fotoda solda
Bəli, klub daxilində beş-altı futbolçunu cərimələmişəm. Buna səbəb isə, oruc tutmaları yox, qida qaydalarını pozduqları üçündür. Həmin gün oyunçularımız arasında xəstə olanlar var idi. Həkimin məsləhəti ilə qidalanma qaydalarına hamı bir nəfər kimi riayət etməli idi. Biz də öncədən tapşırıq verdik ki, hər kəs qida qaydalarına əməl etməlidir. Bu cür hallara islam dinində də icazə verilir. Futbolçulara həkimin göstərişi və raportuna əsasən məlumat verilməsinə baxmayaraq, qida qaydalarını pozduqları üçün cərimələniblər", - deyə A.Abdullayev bildirib.
Anar Həsənov
II Liqanın son turunda evdə "Şəmkir"ə 1:2 hesabı ilə uduzan "Hypers Guba"nın futbolçuları klub rəhbərliyi tərəfindən cəzalandırılıb.
Oxu.Az sportinfo.az-a istinadən xəbər verir ki, martın 1-də, yəni Ramazan ayının ilk günü meydana çıxanların hamısı cəriməyə məruz qalıb. Oyunçuların bir qismi orucunu pozmadan yaşıl sahəyə ayaq basdıqları üçün rəhbərliyin qəzəbinə tuş gəliblərsə, digərləri bu halı bilib, idarəçilərə məlumat vermədiklərinə görə cərimələniblər.
Məlum olub ki, klub rəhbərliyi Ramazan vaxtı keçirilən oyun günlərində oruc tutmamaları üçün kollektiv üzvlərinə öncədən xəbərdarlıq edib. Futbolçular bu qərara sözlü şəkildə etiraz bildirməsələr də, tapşırığa əməl etməyiblər - göstərişi qulaqardına vurublar.
Burada bir məqama da diqqət yetirmək lazımdır: Hazırda "Şəmkir"i çalışdıran Vüqar Nadirovun baş məşqçi kimi ilk iş yeri "Hypers Guba" olub. Şimal təmsilçisinə Region Liqasının gümüş medallarını qazandıran, daha sonra pley-off oyunlarında "Şəfa"ya qalib gələrək II Liqaya yüksəldən gənc mütəxəssis ötən ilin noyabrında klubdan ayrılıb. Özü də deyib-gülərək yox, ciddi narazılıq və qalmaqalla. Odur ki, bu matç həm onun, həm də "Hypers Guba"nın rəhbərliyi üçün ikiqat prinsipiallıq daşıyıb.
"Ramazan ayı 2025" teqi üzrə xəbərlər
- Oruc tutan zaman susuzluğu necə dəf edək? - TÖVSİYƏLƏR
- Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları
- "Əs-Sirə ən-Nəbəviyyə" kitabı ilk dəfə Azərbaycan dilində təqdim edilib
- Ramazan ayının üçüncü gününün iftar və namaz vaxtları
- Ramazan ayında toy, nişan və xınayaxdı məclisləri təşkil etmək günah sayılır?