İkiqat olimpiya çempionu Yevgeni Plyuşenko Beynəlxalq Konkisürmə İttifaqının (ISU) Türkiyədə keçirilən gənclər arasında Qran-pri mərhələsində oğlunun qısa proqramın yekunlarına görə 16-cı yeri tutmasını fəlakət hesab etmir.
Oxu.Az xəbər verir ki, bu barədə o, "Instagram" sosial şəbəkə hesabında bildirib.
"Sizə səmimi demək istəyirəm ki, burada heç bir fəlakət yoxdur. Bir tullanışın alınmaması qorxulu deyil, belə hallar olur. Lakin necə deyərlər, qarşıda hələ bütün həyatımız var, biz yenicə başlayırıq. Yaxşı konkisürməmizi və nəticəmizi göstərməyə çalışacağıq. Hər kəsi sevirik və öpürük", - deyə böyük Plyuşenko qeyd edib.
13 yaşlı Aleksandr Plyuşenko 2026-cı ilin yazında Azərbaycanın idman vətəndaşlığını alıb. Türkiyədəki turnir onun Azərbaycan üçün debüt beynəlxalq yarışı olub. O, qısa proqramın yekunlarına əsasən, 57,12 xal toplayaraq aralıq 16-cı pillədə qərarlaşıb. Yeniyetmələr Türkiyədəki Qran-pri mərhələsində sərbəst proqramlarını sentyabrın 18-də təqdim edəcəklər.