Azərbaycan Qış İdman Növləri Federasiyasının idman direktoru İqor Lukanin fiqurlu konkisürən Aleksandr Plyuşenkonun Azərbaycan yığmasının heyətində hansı turnirlərdə debüt edəcəyini açıqlayıb.
Oxu.Az bu barədə "odds.ru" saytına istinadən xəbər verir.
* Yevgeni Plyuşenko oğlunun Azərbaycanın idman vətəndaşlığı almasına münasibət bildirib
* Yana Rudkovskaya oğlu Plyuşenkonun Azərbaycan yığmasına keçməsindən danışıb - FOTO
* Aleksandr Plyuşenkonun Azərbaycan bayrağı altında çıxış etməsinə icazə verilib
İqor Lukanin bildirib ki, Beynəlxalq Konkisürmə İttifaqı (ISU) tərəfindən Azərbaycanın iştirakı ilə iki gənclər Qran-prisi təsdiqlənib: "Sentyabrın ortalarında Türkiyədə, ayın sonunda isə Gürcüstanda keçiriləcək yarışlar üçün Saşa (Aleksandr Plyuşenko) sifariş ediləcək. Onun orada çıxış edib-etməyəcəyinə məşqçilər qərar verəcəklər. Hər şey idmançının hazırlıq səviyyəsindən asılıdır. Biz məşqçilər heyətinin qərarını əsas götürürük".
Lukanin Aleksandr Plyuşenkonun Azərbaycan yığmasına keçidi ilə bağlı danışıqlara da aydınlıq gətirib:
"Yevgeni (Aleksandrın atası - red.) ilə 20 ildən çoxdur tanışıq, vaxtilə eyni yarışlarda çıxış etmişik. Onun oğlunun yığmamıza keçidi ilə bağlı söhbət martın sonunda yarandı. Biz də Saşa barədə məlumat topladıq, istedadlı və yaxşı potensiala malik olduğunu gördük. Bu bizim üçün maraqlıdır".
Xatırladaq ki, may ayında 13 yaşlı idmançının Azərbaycan bayrağı altında çıxış edəcəyi məlum olub və Rusiya Fiqurlu Konkisürmə Federasiyasının İcraiyyə Komitəsi buna icazə verib. İyulun 1-də isə kiçik Plyuşenkonun ISU-dan beynəlxalq arenada Azərbaycanı təmsil etmək üçün rəsmi icazə aldığı təsdiqlənib. İdmançının atası, ikiqat olimpiya çempionu Yevgeni Plyuşenkonun sözlərinə görə, Aleksandr 5 il müddətinə Azərbaycanın idman vətəndaşlığını alıb.