Türkiyənin İstanbul şəhərində təşkil edilən boks üzrə beynəlxalq Boğaziçi turnirində yarımfinal mərhələsi başa çatıb. Həlledici mərhələyə Azərbaycan millisinin beş boksçusu vəsiqə qazanıb.
Oxu.Az xəbər verir ki, komandamızın heyətində Məsud Yusifzadə (-52 kq) finala gedən yolda Dəmir Abdıkadiri (Qazaxıstan) 4:1 hesabı ilə məğlub edib. O, çempionluq üçün qırğızıstanlı Azad Usamaliyevlə döyüşəcək.
63 kq çəki dərəcəsində çıxış edən Cavid Çələbiyev də uğurlu çıxışını davam etdirir. Dünya çempionumuz yarımfinalda Bulat Ərsultana (Qazaxıstan) 5:0 hesabı ilə qalib gəlib. Təmsilçimiz finalda türkiyəli Hakan Doğanı sınağa çəkəcək.
Sərxan Əliyev (-69 kq) Maksim Molodanla (Ukrayna) gərgin keçən görüşdən üstün ayrılıb. O, yarımfinal qarşılaşmasını 3:2 hesabı ilə qazanıb. Boksçumuz həlledici döyüşdə Darxan Dusebayla (Qazaxıstan) münasibətinə aydınlıq gətirəcək.
Kamran Şahsuvarlı (-75 kq) yarımfinalda Ömürbəy Bəyciqitlə (Qırğızıstan) üz-üzə gəlib və 3:2 hesablı qələbə qazanıb. Olimpiya mükafatçımız turnirdə son qarşılaşmasında Veron Fransisko (Argentina) ilə qüvvəsini sınayacaq.
+91 kq çəki dərəcəsində yarışan Məhəmməd Abdullayev Mehmetcan İşıka (Türkiyə) heç bir şans verməyib - 5:0. Təmsilçimiz finalda türkiyəli Berat Açarla döyüşəcək.
Onlardan fərqli, Ümid Rüstəmov (-57 kq) və Alfonso Dominqes (-81 kq) mübarizəni yarımfinalda dayandırıblar. Müvafiq olaraq, qırğızıstanlı Uulu Esenbəyə və Mehmet Unala (Türkiyə) məğlub olan boksçularımız yarışı bürünc medalla bitiriblər.
Qeyd edək ki, finallar bu gün keçiriləcək.