Noyabrın 22-dən “Sərhədçi” İdman Olimpiya Mərkəzində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi start götürüb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, proqrama əsasən, turnirin ilk günündə yunan-Roma güləşi üzrə bütün çəkilərdə qaliblər müəyyənləşib.
Azərbaycan güləşçiləri ümumilikdə 5 qızıl, 2 gümüş və 3 bürünc medala sahib olublar. Yığma komandamızın heyətində qızıl medalları Kamran Məmmədov (60 kq), Rəsul Çunayev (66 kq), Rafiq Hüseynov (74 kq), Saman Təhmasibi (84 kq) və Sabahi Sariat (120 kq) qazanıblar.
Yalnız final görüşündə uduzan Orxan Əhmədov (55 kq) və Vitali Rəhimov (66 kq) gümüş medalla kifayətlənib. Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (60 kq) və Şəhriyar Məmmədov (84 kq) Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsinin bürünc medalını qazanıb.
Qalib və mükafatçılara medal, diplom, pul mükafatı ilə yanaşı, xüsusi olaraq Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi üçün hazırlanmış qol saatı və qızıl döş nişanları hədiyyə olunub.
Sabah isə, turnirin ikinci günündə bütün çəki dərəcələrində qadın güləşçilər arasında qaliblər müəyyənləşəcək.