Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Xorvatiyanın Split şəhərində keçirilən Avropa çempionatından imtina etməsinin səbəbini açıqlayıb.
Federasiyanın mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev Oxu.Az-a bildirib ki, həqiqətən də Xorvatiyaya nümayəndə heyətinin yollandığını açıqlayıb.
K.Məstəliyev qeyd edib ki, Avropa çempionatında 4 idmançı - Məhəmməd Məmmədli (62 kq), İsa Rüstəmov (69 kq), Kamran İsmayılov (85 kq) və Hüseyn İsmayılov (94 kq) iştirak etməli idi.
Onun sözlərinə görə, idmançıların Avropa çempionatında iştirak etməməsinin səbəbi Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədardır:
“Bizim idmançılarımız dopinq testdən qorxub çempionatdan imtina etməsi kimi yazılar gedib. Lakin bu, absurd bir iddiadır. Çünki Avropa çempionatında hər zaman dopinq testlər olub, idmançılarımızın Xorvatiyanın Split şəhərində keçirilən Avropa çempionatından imtina etməsinin səbəbi İslam oyunları ilə bağlıdır. Çünki biz düşündük ki, bir ay ərzində idmançılarımız iki yüksək səviyyəli yarışda iştirak etsələr, zədələnə bilərlər. Misal üçün Avropa çempionatında zədələnən idmançı artıq Bakıda yarışa qatılmasında problemlərlə üzləşəcək”.
Kənan Məstəliyev bildirib ki, nümayəndə heyətində digər üzvlər isə komandanın rəisi Oktay Muxtarov, məşqçilər Elnur Hüseynovla Natalya Prişepa, hakim Vahid Nəzərov, masajçı İlham Məmmədov olub. Federasiyanın rəsmisi qalan heyət üzvlərinin isə Məşqçilər Heyətinin qərarı ilə geri qayıtdıqlarını bildirib. O, hakim və məşqçidən başqa heç kimin hoteldə qeydiyyatdan keçmədiyini də əlavə edib.
Qeyd edək ki, Xorvatiyanın “Jutarnji List” adlı nəşri ağırlıqqaldırma üzrə Azərbaycan milli komandasının Xorvatiyanın Split şəhərində keçirilən Avropa çempionatında sirli şəkildə yoxa çıxması ilə bağlı yazı yazıb. İnformasiyada bildirilir ki, Azərbaycan nümayəndə heyəti Splitdə hotel yoxlamasından keçsə də, sonradan onlar nə yarışın keçirildiyi zalda, nə də hoteldə görünüblər. Nəşr iddia edir ki, bu, sərt dopinq nəzarəti ilə əlaqədar ola bilər.
Elvin Əhmədov
www.oxu.az