Bakı 2015 Avropa Oyunları çərçivəsində keçiriləcək 20 idman növündən 11-i Rio 2016 Yay Olimpiya Oyunları üçün müxtəlif kvalifikasiya imkanları nəzərdə tutur.
Oxu.Az xəbər verir ki, yarışlarda 4 müxtəlif səviyyəli kvalifikasiya imkanlarının verilməsi nəzərdə tutulur.
Rio 2016-ya birbaşa kvalifikasiya verəcək idman növləri aşağıdakılardır:
Stolüstü tennis; kişilər və qadınlar arasında yarışların qalibi birbaşa Olimpiya Oyunlarında iştirak vəsiqəsi əldə edəcək.
Triatlon; kişilər və qadınlar təmsil etdikləri Milli Olimpiya Komitələri üçün avtomatik kvalifikasiya qazanacaqlar.
Atıcılıq; 15 fərdi yarışın qalibi təmsil etdiyi Milli Olimpiya Komitələri üçün avtomatik kvalifikasiya əldə edəcək.
Oxatma, velosiped idmanı (şose yarışı, BMX yarışı, dağ velosipedi), çimərlik voleybolu, taekvondo, voleybol üzrə isə reytinq xallarına əsasən kvalifikasiya imkanı nəzərdə tutulur.
Bundan başqa, yarışlar çərçivəsində beynəlxalq federasiyaların kvalifikasiya standartları da nəzərdə tutulub. Yüngül atletika üzrə Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (IAAF), üzgüçülük üzrə isə Beynəlxalq Üzgüçülük Federasiyasının (FINA) kvalifikasiya standartları əsas götürüləcək.
Bundan başqa, “Rioya gedən yol” proqramı çərçivəsində boks və güləş üzrə də kvalifikasiya imkanları nəzərdə tutulub.
Belə ki, Avropa Oyunları çərçivəsində hər çəki kateqoriyası üzrə üç kvota yeri Beynəlxalq Boks Assosiasiyasının Dünya Boks Çempionatında iştirak üçün təqdim olunacaq. AİBA-nın Dünya Boks Çempionatının cədvəlinə əsasən hər çəki üzrə ən yaxşı boksçulardan hər biri Rio 2016-da iştirak imkanı qazanacaq.
Güləş üzrə isə yalnız təmsil etdiyi ölkənin MOK-u Bakı 2015 Avropa Oyunlarında iştirak etdiyi halda güləşçilər Rio 2016 kvalifikasiya sisteminin 1-ci mərhələsi olan 2015-ci il Dünya Çempionatında iştirak imkanı qazanacaq. MOK-lar Bakı 2015 Avropa Oyunlarında hər güləş və çəki kateqoriyası üzrə iştirak etdiyi güləşçi sayı ilə Dünya Çempionatında iştirak edə biləcəklər.
Elvin Əhmədov