Hücumçu Lionel Messi Argentina milli komandasındakı karyerasını başa vurduğunu elan edib.
Oxu.Az xəbər verir ii, bu barədə Lionel Messi sosial şəbəkə hesablarında bildirib.
39 yaşlı Messinin milli komandadakı son matçı iyulun 19-da İspaniyaya qarşı məğlubiyyətlə başa çatan DÇ-2026-nın finalı olub. Messinin hesabında milli komandada 207 matç və 125 qol var (ən yaxşı bombardir). O, milli komanda ilə 2022-ci ildə dünya çempionu olub.
"Finaldan sonra keçən müddət ərzində bu barədə çox düşündüm və hamıya bildirmək istəyirəm ki, milli komandadan gedirəm…
Bu, ruhuma ağrı verən və hələ də verməyə davam edən qərar idi, lakin anlayıram ki, vaxtı çatıb. Sizə and içirəm ki, təkcə hər şeyi qazandığımız son illərdə deyil, daha əvvəl də hər zaman var gücümlə çalışmışam. Mən bu forma uğrunda, sizə sevinç bəxş etmək və futbol sayəsində argentinalı olmağınızla fəxr etməyinizi təmin etmək üçün həmişə mübarizə aparmışam və əlimdən gələni etmişəm.
Çox az qaldı, mərhələlər tədricən yekunlaşır və bu da mənə şiddətli ağrı verən mərhələlərdən biridir. Milli komandada oynamağı sevirəm, sevmişəm və həmişə sevəcəyəm. Özümdən hər şeyi verdim, daha verəcək bir şeyim qalmayıb. Üstəlik, arxamca öz yerinə layiq olan çox istedadlı gənclər gəlir.
Bu 20 il ərzində mənə bəxş etdiyiniz bütün sevgiyə görə təşəkkür edirəm. Sizin dəstəyinizi meydandan eşitmək üçün çox darıxacağam. İndi mən də sizdən biri olacağam - həmişə kənardan milli komandaya azarkeşlik edəcəyəm və dəstəkləyəcəyəm (həm yaxşı günlərdə, həm də çətin anlarda - xüsusilə də çətin günlərdə).
Həmişə yanımda olduğuna, bu gözəl, lakin asan olmayan səyahətdə məni müşayiət etdiyinə görə ailəmə təşəkkür edirəm. Birlikdə işləməyin nəsib olan hər bir məşqçiyə, hər bir komanda yoldaşıma və hər bir rəhbərə təşəkkür edirəm. Sizinlə birgə yaşadığım unudulmaz xatirələri və anları özümlə aparıram.
Ruhumda bir sakitlik və komanda yoldaşlarımla birlikdə sizə yalnız arzulana biləcək anlar bəxş etməyin qüruru ilə gedirəm. Bütün bunları sizinlə birgə yaşamaq bir dəlilik idi. Sizi sevirəm! Allaha şükür ki, argentinalıyam. İrəli, Argentina!
Bu sözləri iyulun 21-də, finaldan iki gün sonra yazmışdım. Bu gün atamın başına gələnlərdən sonra buna əvvəlkindən də daha çox əminəm", - deyə Messi vurğulayıb.