Qazaxıstanın Almatı şəhərində keçirilən boks üzrə dünya çempionatı başa çatıb.
Oxu.Az Apasport-a istinadən xəbər verir ki, mundialın son günündə yığmamızın üzvü Cavid Çələbiyev final qarşılaşmasını da qələbə ilə başa vuraraq, dünya çempionu adına layiq görülüb.
Belə ki, yarımfinalda qazaxıstanlı Kayrat Yaralıyevi mübarizədən kənərlaşdıran həmyerlimiz həlledici görüşdə Vladimir Nikitinlə (Rusiya) münasibətinə aydınlıq gətirib. 56 kq çəki dərəcəsində mübarizə aparan Çələbiyev bu dəfə də rəqibini məğlub etməkdə çətinlik çəkməyib – 3:0 (30:27, 29:28, 29:28).
Mundialda debüt edən boksçumuz bununla da Azərbaycan boks tarixinə düşüb. O, Ağası Məmmədov və Məhəmmədrəsul Məcidovdan sonra dünya çempionatının qızıl medalını qazanan üçüncü boksçumuz olub.
Çələbiyevdən sonra rinqə çıxan digər boksçumuz Məhəmmədrəsul Məcidov (+91 kq) yerli İvan Dıçko ilə döyüşdən sonra kolleksiyasına dünya çempionatının daha bir qızıl medalını əlavə edib.
O, həlledici görüşünü nokautla başa vuraraq titulunu qoruyub. M.Məcidov ilk 2 raundda 27:30 hesabı ilə uduzub. Sonuncu hissədə isə idmançımız hücum taktikasını seçərək yenidən dünyanın ən güclüsü olduğunu sübut edib. Öncə Dıçkonu nokdauna salan Olimpiya mükafatçımız ardınca daha tutarlı zərbə ilə qazaxıstanlı idmançıya doğma azarkeşləri qarşısında nokautla qalib gəlib.
Beləliklə, Azərbaycan milli komandası 12 gün davam edən dünya çempionatını 2 qızıl və 1 bürünc medalla başa vurub.
Qeyd edək ki, daha öncə Teymur Məmmədov (91 kq) bürünc medala sahib olmuşdu.
13:00
Qazaxıstanın Almatı şəhərində keçirilən boks üzrə dünya çempionatına bu gün yekun vurulacaq.
Oxu.Az Apasport.az-a istinadən xəbər verir ki, mundialın son günündə Azərbaycanın 2 idmançısı çempionluq üçün rinqə çıxacaq.
Belə ki, yarımfinalda qazaxıstanlı Kayrat Yaralıyevi mübarizədən kənarlaşdıran Cavid Çələbiyev (56 kq) həlledici görüşdə Vladimir Nikitinlə (Rusiya) münasibətinə aydınlıq gətirəcək.
Dünya çempionumuz Məhəmmədrəsul Məcidov (+91 kq) isə kolleksiyasına mundialın daha bir qızıl medalını əlavə etmək üçün yerli İvan Dıçko ilə döyüşəcək.
Yarımfinalda London Olimpiadasında uduzduğu Roberto Kammarelleyə (İtaliya) gücünü göstərən təmsilçimizin bu dueldən də qalib ayrılacağı gözlənilir.
Qeyd edək ki, onlardan fərqli, Teymur Məmmədov (91 kq) yarımfinal səddini keçə bilməyib. Həmyerlimiz Olimpiadada uduzduğu italiyalı Klemente Russodan qisasını ala bilməyib və bürünc medalla kifayətlənib.