Bu gün Quba rayonunda körpü uçub.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, Nəqliyyat Nazirliyi “Azeryolservis” ASC Quba rayonunda körpünün uçmasının səbəblərini açıqlayıb.
“Azeryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, normadan bir neçə dəfə artıq yüklənmiş “Shacman” markalı ağır tonnajlı maşın bu gün səhər saatlarında Quba-Xınalıq avtomobil yolunun 26-cı km-də, Qımıl kəndi istiqamətində, Qudyalçay üzərindəki körpünü uçurub.
Hadisə nəticəsində avtomobil çaya düşüb.
“Hazırda əraziyə xilasetmə xidmətinin əməkdaşları cəlb olunub. Lazım işlər görülür”, - deyə o, bildirib.
Qeyd edək ki, körpü 2008-ci ildə inşa olunub. Uzunluğu 18 metr, eni isə 4 metrdir. Körpü rayonun Küsnətqazmalar, Qımılqazmalar kəndinlərini Quba-Xınalıq yolu ilə birləşdirir.