Bukayo Saka "Qızıl top" mərasimində 14 yaşlı ruandalı uşağın hekayəsini danışıb.
Oxu.Az xəbər verir ki, İngiltərənin "Arsenal" klubunun futbolçusu Bukayo Saka humanitar fəaliyyəti və sosial təşəbbüslərinə görə "Qızıl top" mərasimində "Sokrates" mükafatına layiq görülüb.
Mükafatlandırma zamanı Saka Ruanda və digər bölgələrdə ehtiyacı olan uşaqlara göstərilən dəstəkdən danışıb. O, çıxışında "BigShoe" xeyriyyə təşkilatının köməyi ilə tibbi yardım alan 14 yaşlı Birinqironun hekayəsini bölüşüb.
Belə ki, Birinqiro 12 yaşında görmə qabiliyyətini itirməyə başlayıb. Müalicədən sonra onun görməsi yaxşılaşıb və hazırda sinfin ən arxa sırasından belə yazı taxtasını görə bilir. Gələcəkdə ingilis dili müəllimi olmaq istəyən yeniyetmənin hekayəsi mərasimdə diqqət çəkib.
Qeyd edək ki, "Sokrates" mükafatı futbol vasitəsilə cəmiyyətə töhfə verən, humanitar layihələri və sosial təşəbbüsləri ilə seçilən şəxslərə təqdim olunur.
