İspaniya La Liqasının rəhbərliyi "Real Madrid"in fransalı hücumçusu Kilian Mbappenin açıqlamaları ilə bağlı yaranmış vəziyyətə görə çinli azarkeşlərdən rəsmən üzr istəyib.
Oxu.Az xəbər verir ki, bu barədə çempionatın mətbuat xidməti məlumat yayıb.
"La Liqa Kilian Mbappenin son şərhlərinin çinli azarkeşlər arasında yaratdığı incikliyə görə dərin təəssüf hissi keçirir. Həmin fikirlər şəxsi xarakter daşıyır və La Liqanı təmsil etmir. İnstitusional məsuliyyətimiz çərçivəsində La Liqa və onun bütün klubları adından üzr istəyirik. İspaniya futbolu bütün mədəniyyətlərdən olan insanlar arasında hörməti, birgəyaşayışı və birliyi müdafiə edir. Çinə, onun institutlarına və xalqına ehtiramımızı bildirir, həmçinin hər həftə bizi izləyən milyonlarla pərəstişkarın dəstəyini yüksək qiymətləndiririk", - deyə La Liqanın bəyanatında qeyd olunub.
Mətbuat xidmətindən həmçinin əlavə edilib:
"Biz uzun illər ərzində qurulan münasibətlərə sadiqliyimizi təsdiq edirik. Bu vəziyyəti aydınlaşdırmaq üçün Çindəki tərəfdaşlarımızla birlikdə işləyirik. Bundan əlavə, fərqli mədəniyyətlərə hörməti təşviq edəcək və bu cür halların qarşısını almağa kömək edəcək məlumatlandırma və kommunikasiya protokolunu klublar və oyunçularla əməkdaşlıq çərçivəsində tətbiq edəcəyik".
Mbappenin Mao Zedunla bağlı memi Çində iki şirkətlə əməkdaşlığına son qoymasına səbəb olub.
Oxu.Az "Marca" nəşrinə istinadən xəbər verir ki, Çinin enerji içkiləri istehsalçısı "DongPeng" və süd məhsulları istehsalçısı "Mengniu" Fransa millisinin və "Real Madrid"in futbolçusu Kilian Mbappe ilə reklam əməkdaşlığını dayandırıb.
Şirkətlərin bu qərarına futbolçunun Çin xalqının milli hisslərini təhqir etdiyi iddia olunan açıqlaması səbəb olub.
"DongPeng" şirkəti bəyanatında milli hissləri incidən hərəkətlərə qarşı "sıfır tolerantlıq" siyasəti yürütdüyünü bildirib və Mbappe ilə bütün əməkdaşlığın dayandırıldığını açıqlayıb. "Mengniu" da Çin xalqının hisslərini təhqir edən söz və hərəkətlərə qarşı olduğunu bəyan edərək futbolçu ilə müqavilələrə xitam verdiyini bildirib.
Qeyd edək ki, Mbappe daha əvvəl müsahibəsində sevimli meminin üzünün qrafik redaktə vasitəsilə Çinin keçmiş lideri Mao Zedunun simasına yerləşdirildiyi görüntü olduğunu söyləyib. Sosial şəbəkələrdə futbolçuya "Diktator" ləqəbi də verilib. Bu ifadə azarkeşlərin onun "Real Madrid"də və Fransa millisində baş verən proseslərə təsirinə dair zarafatlarından qaynaqlanır.
