İtaliyalı idmançı Matia Debertolis Çinin Çendu şəhərində keçirilən Ümumdünya Oyunlarında faciəli şəkildə vəfat edib.
Oxu.Az bu barədə Rg.ru-ya istinadla xəbər verir.
Avqustun 8-də səmti müəyyənetmə (idman növü) üzrə idmançı Matia Debertolis yarış zamanı meşə cığırlarında azaraq yoldan çıxıb. Onun itməsi barədə siqnal GPS cihazı vasitəsilə daxil olub. Axtarışlar zamanı 29 yaşlı idmançı huşsuz vəziyyətdə tapılıb. Ona hadisə yerində ilkin tibbi yardım göstərilib, lakin Debertolis özünə gəlməyib. Ardınca o, Çinin ən yaxşı xəstəxanalarından birinə aparılıb.
Həkimlər reanimasiya şöbəsinə yerləşdirilən 29 yaşlı idmançının həyatını xilas etmək üçün dörd gün mübarizə aparıblar. Lakin avqustun 12-si səhər saatlarında Debertolis dünyasını dəyişib.
Qeyd edək ki, Matia yalnız idmanda deyil, peşəkar sahədə də uğur qazanmışdı. O, İT mütəxəssisi kimi Stokholmda böyük bir şirkətdə çalışıb. Buna baxmayaraq, illər boyu İtaliya milli komandasının tərkibində çıxış edib, çoxsaylı mükafatlar qazanıb. Üstəlik, müxtəlif idman növləri ilə - o cümlədən xizək yarışı və futbolla da məşğul olub.
Onun ölüm səbəbi hələlik dəqiq açıqlanmayıb. İtaliya mətbuatında bildirilir ki, yarışlar ekstremal şəraitdə keçirilib - güclü istidən əlavə, yüksək rütubət də idmançıya təsir edə bilərdi.
Qeyd edək ki, səmti müəyyənetmə (orienteering) zədələnmə riski yüksək olan idman növlərindən sayılır.