“Nazim Babayevdən başqa digər atletlərimizin Olimpiadaya vəsiqə qazanmaq şansları yüksəkdir. Üçtəkanla tullanmada Aleksis Kopelyo reytinqdə yüksək yerdədir. Onun vəsiqə qazanacağına şübhəm yoxdur.
Reytinq Olimpiadaya qədər davam edəcək. Çalışırıq ki, üçtəkanla tullanmada Yekaterina Sarıyeva da Olimpiadaya vəsiqə qazansın. O, artıq 70-ci sırayadək irəliləyib”.
Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə deyib.
O bildirib ki, Azərbaycan üçtəkanla tullanma üzrə Tokio Yay Olimpiya Oyunlarında üç idmançı ilə təmsil oluna bilər:
“Ölkələr üçün atletikanın hansısa növündə neçə idmançının yer almasına dair limit yoxdur. Nazim Babayev kimi bəlli normativi yerinə yetirməklə də Olimpiadaya düşmək olur”.
Ç.Hüseynzadə N.Babayevin Tokiodan medalla qayıtması məsələsinə də toxunub:
“Atletika elə idman növüdür ki, hansısa idmançının medal qazanacağını müəyyənləşdirmək çətindir. Çünki güləş və ya cüdoda rəqiblərini bilirsən, orda sən digərlərindən güclüsənsə, qalibi proqnozlaşdırmaq olur. Amma atletikada sənin rəqibin məsafə, sürət və sairədir.
Küləkli və ya yağışlı hava şəraitində nəticələr fərqli ola bilir. Çünki Olimpiadada atletika yarışları açıq məkanda keçirilir. Ona görə də indi heç nə demək mümkün deyil”.
Səbuhi Musayev