UEFA dünya çempionatında (DÇ-2026) ABŞ yığmasının hücumçusu Folarin Baloqana göstərilmiş qırmızı vərəqənin cəzasının təxirə salınması halı ilə əlaqədar rəsmi mövqeyini açıqlayıb.
Oxu.Az-ın məlumatına görə, qurumun rəsmi saytında qeyd olunub ki, Baloqanın qırmızı vərəqəsindən sonra avtomatik tətbiq edilməli olan biroyunluq diskvalifikasiyanın bir illik təxirə salınması barədə qərar yolverilməzdir.
Bildirilir ki, hər bir idman növündə olduğu kimi, futbol da ədalətli, şəffaf və dürüst rəqabəti təmin edən qaydalara əsaslanır.
"Bəzən qaydalar fərqli yozula bilsə də, bu vəziyyətdə belə bir hal mümkün deyil. Qırmızı vərəqəyə görə nəzərdə tutulan minimum biroyunluq cəza avtomatikdir və onun tətbiqi üçün hər hansı səlahiyyətli orqanın xüsusi qərarına ehtiyac yoxdur. Bu, reqlamentin təməl prinsiplərindəndir və ona istisnalar edilə bilməz. Xüsusilə də turnirin ortasında, digər oyunçuların eyni halla üzləşərək cəzalarını çəkdikləri bir vaxtda belə addım atmaq düzgün deyil. Qaydaların dəqiqliyinə zəmanət verilmədikdə, oyunun bütövlüyü təhlükə altına düşür və yarışa inam sarsılır. Bundan əlavə, bu qərar davam edən turnirdə yeni bir presedent yaradır ki, gələcəkdə bənzər hallar yarandıqda yarışın zərərinə olaraq bərabər yanaşma tələb edəcək.
Dünyada ən çox sevilən idman növü olan futbola inamın əsas səbəbi onun hər yerdə eyni qaydalarla oynanılmasıdır. Heç bir turnir tamamilə təcrid olunmuş hadisə deyil və söhbət dünya çempionatından gedirsə, bu, ümumilikdə futbol üçün həm müsbət, həm də mənfi nəticələrə səbəb ola bilər", - deyə UEFA-nın rəsmi məlumatında bildirilib.
Təşkilatın bəyanatının sonunda UEFA-nın bu, görünməmiş, anlaşılmaz və əsassız qərara qarşı etimadsızlığı xüsusi vurğulanıb.
Qeyd edək ki, Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) İntizam Komitəsi Baloqanın diskvalifikasiyasını şərti olaraq dayandırıb və ona DÇ-2026-nın 1/8 final mərhələsində Belçikaya qarşı keçiriləcək oyunda iştirak etməyə icazə verib.