İsmayıllı rayonunda baş verən mikroavtobus qəzası zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumatda bildirilib ki, iyulun 6-da, saat 04:00-da İsmayıllı rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə iki nəfər (kişi) İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Bədənin müxtəlif nahiyələrinin açıq yaraları və sınıqları diaqnozları təyin olunan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 1985-ci il təvəllüdlü şəxs ambulator müalicə üçün evə buraxılıb. 1988-ci il təvəllüdlü şəxs isə cərrahi əməliyyat olunmaq üçün Abşeron Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
İsmayıllı rayonunda mikroavtobus qəzaya uğrayıb.
Oxu.Az-ın məlumatına görə, hadisə ötən gecə baş verib.
Rayon sakini Səməd Qurbanov "Mercedes Vito" markalı avtomobilin idareəetməsini itirib və avtomobil yolun kənarındakı beton maneəyə çırpılıb.
Hadisə nəticəsində avtomobildə olan sərnişinlər - 1988-ci il təvəllüdlü Elman Şıxamirov və 1985-ci il təvəllüdlü Ələddin Turacov ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.