Əlcəzair millisi ("Les Fennecs" - səhra tülküləri) Afrika futbolunun ən texniki, taktiki cəhətdən intizamlı və böyük turnirlərdə sürpriz etməyi sevən komandalarından biridir.
Əlcəzair 2014-cü ildən bəri ilk dəfə dünya səhnəsinə çıxaraq, DÇ-2026-da diqqət mərkəzində duracaq komandalardan biri olmağı vəd edir. Məhz həmin il onlar 1/8 finala yüksələrək yaddaşlarda iz buraxmış və əlavə vaxtda Almaniya yığmasına ciddi müqavimət göstərmişdilər.
Şübhə yoxdur ki, Vladimir Petkoviçin yetirmələri 48 komandanın iştirak edəcəyi genişləndirilmiş turnirə böyük inamla yollanacaqlar.
Oxu.Az Əlcəzair futbolunun keçmişinə, bu gününə və 2026-cı il gözləntilərinə nəzər salır.

2024-cü ilin fevralında "səhra tülküləri"nin sükanı arxasına keçən Petkoviç, İsveçrədə - xüsusilə "Bellinçona" və "Yanq Boyz" klublarında qazandığı zəngin məşqçilik təcrübəsini komandaya gətirib. Türkiyə və İtaliyada (burada 2013-cü ildə "Latsio" ilə İtaliya Kubokunu qazanıb) çalışdıqdan sonra təcrübəli mütəxəssis İsveçrə milli komandasının rəhbərliyini öz üzərinə götürmüşdü.
Onun rəhbərliyi altında komanda 2018/19-cu illər UEFA Millətlər Liqasının final mərhələsinə, eləcə də 2018-ci il dünya çempionatının 1/8 finalına vəsiqə qazanmışdı. İsveçrəni AVRO-2020-nin 1/4 finalına daşıdıqdan sonra Sarayevoda doğulmuş mütəxəssis qısa müddət "Bordo"da çalışmış və ardınca Əlcəzair millisinin baş məşqçisi təyin edilmişdi. O burada Afrika Millətlər Kuboku 2025-in seçmə mərhələsində altı oyundan beş qələbə və bir heç-heçə ilə qitəmiqyaslı turnirə vəsiqəni təmin etmiş, daha sonra isə 2026-cı il dünya çempionatına gediş biletini qazanmışdı.
Əlcəzairin ilk dünya çempionatı
Əlcəzair dünya çempionatında debütünü 1982-ci ildə İspaniyada etmişdi. Məhyəddin Xalef və Rəşid Məxlufinin rəhbərliyi altında "yaşıllar" 2-ci qrupda üç oyundan ikisində qələbə qazansalar da, yalnız top fərqinə görə ikinci qrup mərhələsindən kənarda qalmışdılar. "Səhra tülküləri"nin turniri xəyal kimi başlamışdı. Onlar Karl-Haynts Rummeniggenin kapitanı olduğu Qərbi Almaniyanı məğlub edərək sensasiyaya imza atmışdılar. Lakin növbəti oyunda Avstriyaya 0:2 hesabı ilə uduzaraq uğursuzluqla üzləşmişdilər.
İlk iki matçda məğlub olan Çiliyə qarşı üçüncü oyun həlledici olmuşdu. Əlcəzairlilər ilk 35 dəqiqədə 3:0 önə keçsələr də, rəqibin fərqi azaltmasına imkan vermiş və yekunda 3:2 hesablı gərgin qələbə ilə kifayətlənməli olmuşdular. "Yaşıllar"ın növbəti mərhələyə adlamaq ümidləri ertəsi gün oynanılacaq Avstriya - Qərbi Almaniya matçından asılı idi. Əlcəzairə Qərbi Almaniyanın iki top fərqi ilə qələbəsi, Avstriyanın qələbəsi və ya heç-heçə lazım idi. Sonda Xixon şəhərində Yupp Dervallın komandası 1:0 hesablı minimal qələbə qazanmış və Əlcəzair ilk mərhələdən sonra turnirlə vidalaşmışdı.

Əlcəzairin sonuncu dünya çempionatı
Əlcəzair sonuncu dəfə dünya çempionatında 2014-cü ildə Braziliyada çıxış etmiş və orada yadda qalan bir neçə oyun nümayiş etdirib. "Səhra tülküləri" tarixlərində ilk dəfə qrup mərhələsini adlayaraq bu günə qədər ən yaxşı turnirlərini keçirmişdilər.
Belçikaya qarşı matçda Maruan Fellaini və Dris Mertensin qolları ilə 1:2 hesablı məğlubiyyətə uğrasalar da, çox keçmədən Son Hın Minin çıxış etdiyi Cənubi Koreya ilə bol qollu matçda 4:2 hesabı ilə qalib gələrək özlərini bərpa etmişdilər. Həmin oyunda İslam Slimani, Rafiq Halliş və Əbdülmömin Cabunun qolları sayəsində ilk hissədə 3:0 önə keçmişdilər. Daha sonra Rusiya ilə 1:1 heç-heçə edərək tarixi 1/8 final vəsiqəsini rəsmiləşdirmişdilər.
Qlobal futbol bayramında ölkəsinin ilk pley-off matçında Vahid Halilhodziçin yetirmələri gələcək çempion Almaniyanı əlavə vaxta qədər aparmağı bacarmışdılar. Əlavə vaxtda isə matç Almaniya millisinin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.
Halilhodziç verdiyi müsahibələrindən birində bu oyunu xatırladaraq bunları demişdi:
"Hamı bizdən beş, altı və ya yeddi qol buraxacağımızı gözləyirdi, lakin biz, demək olar ki, qüsursuz bir oyun nümayiş etdirdik. Təəssüf ki, qalib gələ bilmədik. Xatırlayıram, final fiti səslənəndə azarkeşlər bizi ayaq üstə alqışlayırdılar. Hamı "Əlcəzair, Əlcəzair" şüarları səsləndirirdi. Biz hər kəsin dilində əzbər olan komandaya çevrilmişdik və turnirin sevimlisi idik. Həmin turnir zamanı bütün ölkə komanda ilə nəfəs alırdı. Hər kəs öz həyatını bir kənara qoymuşdu, təxminən 40 milyon əlcəzairli matçı izləmək üçün ekran qarşısına keçmişdi".

Əlcəzair DÇ-2026-ya vəsiqəni necə qazanıb?
Əlcəzair Afrika seçmə mərhələsinin 9-cu turunda Somalini 3:0 hesabı ilə məğlub edərək dünya çempionatında iştirakını rəsmiləşdirmişdi. Əlcəzair seçmə mərhələni yalnız bir məğlubiyyətlə (6 iyun 2024-cü ildə Qvineyaya evdə 1:2), bir heç-heçə və səkkiz qələbə ilə başa vurmuşdu. Bu uğurlu təsnifatın əsas hərəkətverici qüvvəsi 10 qol vuraraq G Qrupunda ən yaxın izləyicilərini (digər altı oyunçu hərəyə 3 qol vurmuşdu) geridə qoyan Məhəmməd Amura olmuşdu.

DÇ-2026-da Əlcəzairin oyun cədvəli (Bakı vaxtı ilə)
Əlcəzair DÇ-2026-da J qrupunda İordaniya, Avstriya və Argentina millilərinə qarşı mübarizə aparacaq.
J qrupu:
17 iyun, 05:00, Argentina - Əlcəzair (Kanzas-Siti stadionu);
23 iyun, 07:00, İordaniya - Əlcəzair (San-Fransisko stadionu);
28 iyun, 06:00, Əlcəzair - Avstriya (Kanzas-Siti stadionu).

Əlcəzairin dünya çempionatlarındakı ən məhsuldar oyunçuları
Əlcəzairin bu günə qədər dünya çempionatlarında vurduğu 13 qol ən azı on fərqli oyunçunun hesabına yazılıb və üç futbolçu hərəyə iki dəfə fərqlənib. Macer 1982-ci ildə ölkəsinin fünya çempionatındakı ilk qolunu vurduğu halda, komanda yoldaşı Salah Əsəd Çiliyə qarşı 3:2 hesablı qələbədə iki dəfə fərqlənərək bir addım önə keçmişdi.
Əbdülmömin Cabu və İslam Slimani 2014-cü il turnirində hərəyə iki qol vurmuşdular. Hər ikisi "yaşıllar"ın Cənubi Koreya üzərində 4:2 hesablı qələbəsində toru silkələmişdi. Dünya çempionatının seçmə mərhələlərində aktivində 18 qol olan sonuncu Slimani, eyni zamanda, komandasının pley-off mərhələsinə keçidini təmin etmək üçün qrup mərhələsinin son matçında Rusiyaya qarşı bərabərlik qolunu vurmuşdu.

1/8 finalda avropalılar artıq 2:0 öndə olarkən, Cabu 121-ci dəqiqədə Almaniyaya qarşı təsəlliverici qola imza atmışdı. O vaxt verdiyi müsahibədə o, "iki qolum məni Salah Əsədlə birlikdə Əlcəzairin dünya çempionatı bombardirləri siyahısında zirvəyə yüksəltdi. Bu mənim üçün böyük şərəfdir. dünya çempionatında iki qol vurmaq asan iş deyil, amma zəhmət və əzmkarlıq həmişə öz bəhrəsini verir", - deyə qeyd etmişdi.

Əlcəzairin dünya çempionatlarında ən çox oyun keçirən futbolçuları
Rafiq Halliş komandasının 2010 və 2014-cü il dünya çempionatlarında keçirdiyi yeddi matçın hamısında meydanda olub, yalnız Almaniyaya qarşı əlavə vaxtda əvəzlənib. O, Rusiyaya qarşı oyunda və DÇ-2014-də Almaniya millisinə qarşı möhtəşəm 1/8 final qarşılaşmasında tam formada olmayan əsas kapitan Məcid Buqerranı əvəz edərək kapitanlıq sarğısını daşıyıb. Mərkəz müdafiəçisinin aktivində, həmçinin 2014-cü ildə Cənubi Koreyaya başla vurduğu möhtəşəm dünya çempionatı qolu da var.

Əlcəzairin unudulmaz dünya çempionatı anları
Baxmayaraq ki, DÇ-2014 Şimali Afrika təmsilçisinin dünya çempionatı səhnəsindəki ən parlaq dövrü hesab olunur, Məğrib komandası bundan 32 il əvvəl İspaniya yaşıl meydanlarında da bir neçə tarixi nailiyyətə imza atmışdı.

Əlcəzair qlobal turnirdə Avropa komandasını - Qərbi Almaniyanı məğlub edən ilk Afrika ölkəsi olmuşdu. Bu uğur "Səhra tülküləri"nin dünya çempionatındakı ilk matçında baş verdiyi üçün daha da diqqətçəkici idi.
Daha sonra 1987-ci il Avropa Kubokunun finalında "Bavariya"ya qarşı "Portu" forması ilə dabanla vurduğu ikonik qolla yadda qalan Raban Macer "yaşıllar"ın turnirdəki ilk qolunu vurma şərəfinə nail olmuşdu.
Əlcəzair, həmçinin bir dünya çempionatında iki qələbə qazanan ilk Afrika komandası olmuşdu, lakin yuxarıda qeyd edildiyi kimi, bunu bacarıb növbəti mərhələyə keçə bilməyən ilk komanda kimi arzuolunmaz bir rekorda da imza atmışdı.

Əlcəzair millisi Şimali Amerikaya sadəcə qrup oyunlarında iştirak etmək üçün getmir. Onlar hər bir nəhəng rəqib üçün başağrısı ola biləcəklərini keçmişdə sübut ediblər. Mahrez və komanda yoldaşları ilk oyunda Argentinadan xal qopararaq turnirin ilk böyük sürprizinə imza ata bilərlər?