1994-cü ildə ABŞ-də debüt etdikdən sonra Səudiyyə Ərəbistanı dünya çempionatının daimi iştirakçısına çevrilib və bu vaxta qədər yalnız iki turniri buraxıb. İndi ümumilikdə yeddinci, ardıcıl olaraq isə üçüncü iştirakına hazırlaşan "Yaşıl şahinlər" ilk dəfə 48 komandanın qatılacağı genişləndirilmiş turnir üçün yeni ambisiyalarla mübarizəyə qoşulurlar.
Bütün tarix boyu pley-off mərhələsinə cəmi bir dəfə yüksəlmələrinə baxmayaraq, bu ölkə artıq dünya çempionatlarının ayrılmaz bir hissəsidir.
Oxu.Az Səudiyyə Ərəbistanı futbolunun keçmişinə, bu gününə və 2026-cı il gözləntilərinə nəzər salır.

Səudiyyə Ərəbistanının ümidləri aprelin 23-də Herve Renarı əvəz edən 56 yaşlı Yunanıstan millisinin sabiq üzvü Donisin idarəçiliyinə bağlanıb. Donis ölkədə böyük məşqçilik təcrübəsinə malik bir mütəxəssisdir. Son olaraq Səudiyyə Pro Liqasında "Əl-Xalic" klubuna rəhbərlik edən o, həmçinin Səudiyyə futbolunda keçirdiyi on ilə yaxın müddət ərzində yerli "Əl-Hilal", "Əl-Fateh" və "Əl-Vəhdə" klublarında da çalışıb.
Bu zəngin təcrübə Almaniyada anadan olmuş baş məşqçiyə əsasən yerli liqadan seçiləcək oyunçu bazasını dərindən tanımağa imkan verir. Onun rəhbərliyi altında ilk sınaq matçı mayın 30-da Nyu-Cersidə Ekvadora qarşı yoldaşlıq görüşü olacaq.
Səudiyyə Ərəbistanının ilk və ən yaxşı dünya çempionatı
"Yaşıl şahinlər" ilk dünya çempionatı iştirakını 1994-cü ildə - ABŞ turnirin 15-ci buraxılışına ev sahibliyi edərkən reallaşdırmışdılar. Gözləntilər çox olmasa da, Xorxe Solarinin komandası qısa müddətdə layiqli rəqib olduqlarını sübut etmişdi.
İyunun 20-də Vaşinqtonda keçirilən açılış matçında Səudiyyə Ərəbistanı Niderlandla qarşılaşmışdı. Fuad Ənvərin 18-ci dəqiqədə vurduğu zərbə ilə onlar Avropanın ən güclü komandalarından birinə qarşı hesabı açmışdılar. İkinci hissənin əvvəlində Vim Yonk hesabı bərabərləşdirmiş və 86-cı dəqiqədə Qaston Taument Niderlanda qələbə gətirən qolu vurmuşdu. Nəticəyə baxmayaraq, səudiyyəlilər inamlı oyunlarına görə müsbət rəylər qazanmışdılar.
İkinci matçda komanda sadəcə hörmətəlayiq bir oyun sərgiləməklə kifayətlənməmişdi. Nyu-Cersidə Mərakeşə qarşı keçirilən oyunda qələbə qazanaraq turnirdəki iştiraklarının təsadüf olmadığını göstərmişdilər.
Bu qələbə ilə səudiyyəlilər dünya çempionatlarında ilk üç xallarını qazanmış və F Qrupunun dinamikasını dəyişdirmişdilər. Daha sonra Belçika ilə qarşılaşma komanda üçün həlledici olmuş və Səudiyyə Ərəbistanı növbəti qələbəsini rəsmiləşdirmişdi. "Yaşıl şahinlər" 1/8 finala yüksəlmişdilər. Növbəti mərhələdə İsveçə 1:3 hesabı ilə məğlub olsalar da, 1994-cü il turniri Səudiyyə futbol tarixində önəmli bir fəsil olaraq qalır.

Səudiyyə Ərəbistanının sonuncu dünya çempionatı
Səudiyyə Ərəbistanı DÇ-2022 üçün Dohaya gəldikdə, komanda Renarın rəhbərliyi altında təcrübə və gənc nəsli birləşdirirdi. Səudiyyəlilər eyni dili və mədəniyyəti paylaşan azarkeşlərinin əhatəsində, qonşu ölkədə çıxış edirdilər.
Argentina, Polşa və Meksika ilə qrupa düşən komanda açılış günündə Argentinaya 2:1 hesabı ilə qalib gələrək dünya çempionatları tarixinin ən böyük sürprizlərindən birinə imza atmışdı. Saleh Əş-Şəhri və Salem Əd-Dövsərinin vurduğu qollar Lusail stadionundakı matçı yaddaşlara həkk etmişdi.

Turnirin qalan hissəsi fərqli davam etmişdi. Səudiyyə Ərəbistanı sabit oyun nümayiş etdirməsinə baxmayaraq, ikinci oyunda Polşaya 0:2 hesabı ilə uduzmuşdu. Daha sonra isə Meksikaya qarşı keçirilən dramatik matçda 1:2 hesabı ilə məğlub olmuşdu.
Səudiyyə Ərəbistanı qrupu dördüncü yerdə tamamlasa da, azarkeşlərinə qürurverici anlar bəxş edərək turnirdən ayrılmışdı.
Səudiyyə Ərəbistanı DÇ-2026-ya vəsiqəni necə qazanıb?
"Yaşıl şahinlər" ABŞ, Kanada və Meksikaya bilet əldə etmək üçün uzun bir yol qət etmişdilər. AFC seçmə mərhələsinin ikinci raundunda qrupu ikinci yerdə başa vurduqdan sonra onlar üçüncü raundda birbaşa vəsiqə qazanan Yaponiya və Avstraliya kimi güclü rəqiblərin yer aldığı çətin bir düşmüşdülər. Səudiyyə Ərəbistanı qalan iki vəsiqədən birini qazanmaq üçün dördüncü raundda mübarizəni davam etdirmişdi.
Onlar İndoneziya üzərində 3:2 hesablı qələbə ilə başlamış, daha sonra oktyabrın 14-də İraqla qolsuz heç-heçə etmişdilər. Bu nəticə top fərqinə görə İraqı qabaqlayaraq qrup lideri olmaq və dünya çempionatına yollanmaq üçün kifayət etmişdi.

DÇ-2026-da Səudiyyə Ərəbistanının oyun cədvəli (Bakı vaxtı ilə)
Səudiyyə Ərəbistanı DÇ-2026-da H qrupunda İspaniya, Kabo-Verde və Uruqvay millilərinə qarşı mübarizə aparacaq.
H qrupu:
16 iyun, 02:00, Səudiyyə Ərəbistanı - Uruqvay (Mayami stadionu);
21 iyun, 20:00, İspaniya - Səudiyyə Ərəbistanı (Atlanta stadionu);
27 iyun, 04:00, Kabo-Verde - Səudiyyə Ərəbistanı (Hyuston stadionu).

Səudiyyə Ərəbistanının dünya çempionatlarındakı ən məhsuldar oyunçuları
Sami Əl-Cabir və Salem Əd-Dövsəri hərəyə üç qolla Səudiyyə Ərəbistanının dünya çempionatları tarixindəki ən sərrast oyunçusu titulunu bölüşürlər. Əl-Cabir 1994-cü, 1998-ci və 2006-cı il turnirlərində fərqlənərək üç fərqli dünya çempionatında qol vuran ilk səudiyyəli futbolçu olub.
Əd-Dövsəri isə DÇ-2018 və DÇ-2022-də fərqlənib, həmçinin Argentina və Meksikanın qapısına yol tapıb. Onları 1994-cü ildə Niderland və Mərakeşə vurduğu iki qolla Fuad Ənvər izləyir. Onun Niderlanda vurduğu qol Səudiyyə Ərəbistanının dünya çempionatları tarixindəki ilk qoludur.

Səudiyyə Ərəbistanının dünya çempionatlarında ən çox oyun keçirən futbolçusu
Səudiyyə Ərəbistanının Dünya Çempionatlarında ən çox forma geyinən oyunçusu 1994-cü, 1998-ci və 2002-ci il turnirlərində on matçda iştirak edən Məhəmməd Əd-Dəyədir. Soyuqqanlılığı və reaksiyaları ilə tanınan qapıçı 1994-cü ildə 1/8 finala gedən yolda komandanın əsas simalarından biri olmuşdu.
Futbolda davamlılığın digər nümunəsi ardıcıl dörd dünya çempionatında (1994-cü, 1998-ci, 2002-ci, 2006-cı) iştirak edən Sami Əl-Cabirdir. O bu turnirlərdə ümumilikdə doqquz matçda çıxış edib. Dünya Çempionatı təcrübəsinə Fransada (1998) başlayan Hüseyn Əbdülqəni də aktivindəki doqquz oyunla bu göstəricini bölüşür.

Səudiyyə Ərəbistanının unudulmaz dünya çempionatı anları
Səudiyyəli azarkeşlər üçün DÇ-1994 xüsusi əhəmiyyət daşıyır. Fuad Ənvərin Niderlanda vurduğu qol Səudiyyə Ərəbistanını iddiaçı kimi tanıtmışdı.
Daha sonra Mərakeş üzərində qazanılan qələbə Səudiyyə Ərəbistanına dünya çempionatı uğurunu yaşatmışdı. Sami Əl-Cabirin penaltisi və Ənvərin həlledici zərbəsi qələbəni təmin etmişdi.
Səid Əl-Ovayranın Belçikaya vurduğu qol isə idman tarixinin mühüm anlarından biridir. O, meydanın böyük hissəsini qət edərək beş müdafiəçini keçmiş və topu tora göndərmişdi.
Təxminən üç onillik ərzində bu xatirələr yaddaşlarda qalmışdı. Daha sonra DÇ-2022 həmin ab-havanı yenidən canlandırmışdı. "Yaşıl şahinlər" Lusail stadionunda Argentinaya qarşı geridə olduqları halda qələbə qazanmışdılar.
Hesabın bərabərləşməsi Saleh Əş-Şəhrinin cərimə meydançasının kənarında topu qəbul etməsi və dəqiq zərbə endirməsi ilə baş tutmuşdu.
Bir neçə dəqiqə sonra Salem Əd-Dövsəri müdafiəçiləri keçərək topu doqquzluğa göndərmiş və turnirin ən baxımlı zərbələrindən birinə imza atmışdı. Bu qol komandaya tarixi qələbə qazandırmışdı.
Səudiyyə Ərəbistanı millisi Şimali Amerikaya sadəcə qrup oyunları üçün deyil, 1994-cü ildə bu torpaqlarda qalan o möhtəşəm pley-off xatirələrini yenidən canlandırmaq üçün gedir. "Yaşıl şahinlər" İtaliya və Meksikanın olduğu bu qrupdan çıxaraq yeni bir tarix yaza bilərlər?