Özbəkistan millisinin müdafiəçisi Abdukodir Xusanov 2026-cı il dünya çempionatının qrup mərhələsinin ilk turunda Kolumbiya yığmasına qarşı keçirilən və 1:3 hesabı ilə başa çatan oyunda toqquşduğu teleoperatora üzrxahlıq əlaməti olaraq öz oyun formasını hədiyyə edib.
Oxu.Az xəbər verir ki, bu barədə Özbəkistan Futbol Assosiasiyasının sosial şəbəkə hesabında yayımlanan bəyanatda bildirilib.
Bəyanatda qeyd olunur ki, Özbəkistan millisi dünya çempionatındakı ilk oyununu Kolumbiyaya qarşı keçirib. Matç zamanı müdafiəçi Abdukodir Xusanov yan xətt yaxınlığında top uğrunda mübarizə apararkən təsadüfən televiziya operatoru ilə toqquşub.
Hadisədən sonra Özbəkistan Futbol Assosiasiyasının nümayəndələri operatorun səhhəti ilə maraqlanmaq üçün ona baş çəkiblər və Xusanovun avtoqrafı olan xüsusi formanı ona hədiyyə ediblər. Müdafiəçi həmçinin operatora tezliklə sağalması ilə bağlı səmimi arzularını və salamlarını çatdırıb.
"Abdukodir Xusanov operatorun tezliklə sağalmasını arzulayıb və ona avtoqraflı oyun formasını hədiyyə edib", - deyə bəyanatda vurğulanıb.
