Baku TV-nin "Gör nələri qaytarmışıq" layihəsinin növbəti buraxılışı Xocavənd rayonuna həsr olunub.
Oxu.Az xəbər verir ki, bölgənin qədim tarixi bəşəriyyətin ilkin məskənlərindən sayılan və 1960-cı ildə arxeoloq Məmmədəli Hüseynovun rəhbərlik etdiyi ekspedisiya tərəfindən aşkar edilən Azıx mağarası ilə sıx bağlıdır. Burada 1968-ci ildə tapılan qədim insana məxsus alt çənə sümüyü Azərbaycanın bəşər sivilizasiyasının ilkin yaşayış məskənlərindən biri olduğunu bütün dünyaya sübut edib.
Əsrlər boyu qədim alban məbədlərini və zəngin mədəniyyət izlərini qoruyub saxlayan bu strateji ərazi 1988-ci ildən başlayan Ermənistanın hərbi təcavüzünün əsas hədəflərindən birinə çevrildi. 1992-ci il oktyabrın 2-də Xocavənd işğal edildi, əhali öz yurdundan didərgin düşdü, tarixi abidələr isə vəhşicəsinə dağıdıldı.
Lakin 2020-ci ilin payızında şanlı Azərbaycan Ordusu Azıx mağarasının çoxəsrlik yaddaşını özünə qaytardı. Xüsusilə 2020-ci ilin oktyabrında Hadrut qəsəbəsinin işğaldan azad edilməsi Vətən müharibəsində dönüş nöqtəsi oldu. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Xocavənd rayonu tamamilə separatçılardan təmizləndi və azadlığına qovuşdu.