"Barselona" klubunun və İspaniya qadın futbol yığmasının lideri Aytana Bonmati virus mənşəli meningit diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat İspaniya Kral Futbol Federasiyasının (RFEF) rəsmi saytında yer alıb.
"Keçirilən tibbi müayinələrdən sonra Bonmatidə virus mənşəli meningit aşkarlanıb. Bu səbəbdən futbolçu cümə günü baş tutan və İspaniyanın Yaponiyaya qarşı 3:1 hesablı qələbəsi ilə nəticələnən yoldaşlıq görüşündə iştirak edə bilməyib", - deyə açıqlamada qeyd olunub.
Son iki ilin "Qızıl top" ("Ballon d'Or") mükafatçısı 27 yaşlı Bonmati öz "Instagram" hesabında xəstəxana çarpayısında uzanmış vəziyyətdə Yaponiyaya qarşı oyuna baxdığının əks olunduğu fotonu paylaşıb.

Hazırda onun qarşıdan gələn Avropa çempionatında iştirak edib-etməyəcəyi bəlli deyil. Qadınlardan ibarət İspaniya millisinin turnirdə ilk oyunu iyulun 3-də İsveçrədə Portuqaliyaya qarşı olacaq.
Xatırladaq ki, İspaniya qadın millisi 2023-cü ilin dünya çempionudur.