"Dünya çempionatına bəlkə də ən ciddi hazırlaşan bizim komanda idi. Bu da bəhrəsiz qalmadı".
Bunu Oxu.Az-a açıqlamasında Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında qalib olan Azərbaycan millisinin kapitanı Elvin Əlizadə deyib.
E.Əlizadə vurğulayıb ki, komanda minifutbol üzrə dünya çempionatına xüsusi hazırlaşıb: "Hazırlıqlarımız çox ağır idi. Çox çalışırdıq".
Onun sözlərinə görə, əldə olunan qələbə çəkilən zəhmətin, əziyyətin məqsədyönlü nəticəsi idi: "İlk oyunlarda meydança amili performansımıza təsir edirdi. Təkcə bizə yox, bütün komandaların oyununda bu məqam rol oynayırdı. Amma sonra adaptasiya olunduq".
Kapitan həmçinin azarkeşlərin sevgisindən də danışıb: "Bu hörməti qazanmaq bizi çox sevindirir".
Xatırladaq ki, Elşad Quliyevin rəhbərlik etdiyi Azərbaycan millisi minifutbol üzrə dünya çempionatının final matçında Macarıstan yığmasını məğlub edib. İyunun 1-də Milli Gimnastika Arenasında keçirilən qarşılaşma yığmanın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Anar Həsənov