AFFA-nın baş katibi Elxan Məmmədov futbolçu David Kazaryanın Rusiyanın yeniyetmələrdən ibarət komandasının (U-17) tərkibində Azərbaycanla yoldaşlıq matçı üçün Bakıya gəlməsini şərh edib.
“Biz Rusiya Futbol Birliyindən Azərbaycana gələcək futbolçuların siyahısını alandan sonra birliklə əlaqə saxladıq. Təsdiq aldıq ki, David Kazaryan Rusiya vətəndaşıdır. Biz müvafiq qurumları məlumatlandırdıq ki, Rusiyanın yığma komandasının tərkibində Bakıya erməni əsilli Rusiya vətəndaşı gəlir. Onun gəlişi ilə bağlı problem olmayacaq”, Elxan Məmmədov deyib.
Baş katib qeyd edib ki, Kazaryanın Bakıda olduğu müddətdə müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriləcək.
Xatırladaq ki, Azərbaycan və Rusiya yığmaları arasında matçlar fevralın 18-də və 20-də keçiriləcək.
F.Q.