Futzal millimizin Portuqaliyaya 1:8 uduzmasında qəbahət bir şey yoxdur.
Bunu Oxu.Az-a AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
O, futzal millimizin Avropa çempionatının 1/4 finalında Portuqaliyaya böyük hesabla məğlub olmasını şərh edib:
“Portuqaliya dünən finala çıxdı və İspaniya ilə çempionluq üçün oynayacaq. Deməli, biz çempionluğa namizəd, bəlkə də, gələcək çempiona uduzmuşuq.
Üstəlik, biz son üç topu qapıçını meydandan çıxarıb “5-li” oyunçu sisteminə keçərkən buraxmışıq. Məşqçi üçün fərqi yoxdur, onun komandası 1:3 və ya 1:8 uduzdu.
Əsas odur ki, komanda qələbə qazanmaq istəyirdi. Portuqaliya ağıllı oynadı və qapıçısız oynamağımızdan yararlandı”.
S.T.
www.oxu.az